Bu il Azərbaycana 1 milyondan çox əcnəbi gəlib

media-ads_728_90

Bu il Azərbaycana 194 ölkədən 1 milyon 91 min 865 əcnəbinin girişi qeydə alınıb.

“TV1” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, 2026-cı ilin ilk altı ayında Azərbaycana 194 ölkədən 1 milyon 91 min 865 əcnəbinin girişi qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10 faiz azdır.

“Azalmanın strukturuna baxmaq lazımdır. Ümumi azalmaya təsir edən əsas amil Körfəz ölkələri və Cənubi Asiya regionundan Azərbaycana gələnlərin sayının azalmasıdır. Bu da daha çox regionda münaqişələr və müharibələrlə bağlıdır”, – deyə o bildirib.

V.Hüseynovun sözlərinə görə, buna baxmayaraq, bəzi istiqamətlər üzrə artım qeydə alınıb.

“Türk dövlətlərindən, o cümlədən Qazaxıstandan, Pakistandan və Avropa ölkələrindən gələnlərin sayında artım müşahidə etmişik. Ən kəskin azalma isə Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Hindistan və ümumilikdə Cənubi Asiya istiqamətindən gələnlər arasında qeydə alınıb”, – deyə DMX rəisi vurğulayıb.

O əlavə edib ki, hazırkı göstəricilər ilin ilk altı ayını əhatə etdiyindən ilin sonuna qədər statistika dəyişə bilər.

V.Hüseynovun sözlərinə görə, Azərbaycana giriş-çıxış edən əcnəbilər arasında ilk beşliyi Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və İran vətəndaşları təşkil edir.

media-ads_728_90
Paylaş