Cari ildə Azərbaycan-Rusiya qarşılıqlı ticarətin HƏCMİ
Azərbaycan Prezidentinin təşəbbüsü və xoş niyyətin göstəricisi olaraq müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan Ermənistan ərazisinə Azərbaycan ərazisindən yüklərin daşınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu addım regionda etimadın möhkəmləndirilməsinə, iqtisadi və nəqliyyat-logistika əlaqələrinin genişlənməsinə xidmət edir.
“TV1” xəbər verir ki, bu fikirləri Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 24-cü iclasında səsləndirib.
Ş.Mustafayev qeyd edib ki, bu günədək Rusiyadan Azərbaycan ərazisi vasitəsilə tranzit olaraq Ermənistana təxminən 26 min ton yük daşınıb. Daşınmaların əsas hissəsini buğda və gübrələr təşkil edir.
Baş nazirin müavini bildirib ki, 2024–2026-cı illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası uğurla davam etdirilir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq xarici ticarət dövriyyəsində mühüm yer tutur.
Qeyd olunub ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard ABŞ dollarını ötüb, cari ilin ilk üç ayında isə qarşılıqlı ticarət təxminən 750 milyon dollar təşkil edib.
Ş.Mustafayev əlavə edib ki, kənd təsərrüfatı məhsulları ikitərəfli ticarətdə mühüm yer tutur. Ötən il Rusiyaya aqrar məhsul ixracı 837 milyon dolları ötüb, meyvə-tərəvəz tədarükləri isə 31 faiz artaraq 696 milyon dollara çatıb. Eyni zamanda, Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalı 832 milyon dollardan çox olub.








