Çempionlar Liqası: "Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb

media-ads_728_90

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb.

“TV1” xəbər verir ki, “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş edə bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. “Qarabağ”ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Bununla da ağdamlılar Çempionlar Liqasının Liqa mərhələsi tarixində ilk qələbəsini qazanıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” kollektivini qəbul edəcək.

media-ads_728_90
Paylaş