Çilidə güclü leysan yağışları və fırtına nəticəsində 10 nəfər həyatını itirib
“Təəssüflə qeyd etməliyik ki, bu günə olan məlumata görə, Atakamadan Araukanaya qədər olan bölgələrdə atmosfer cəbhəsinin keçməsi səbəbindən həlak olanların sayı 10 nəfərə çatıb”, – deyə Cənubi Amerika ölkəsinin Fəlakətlərə Qarşı Mübarizə üzrə Milli Xidmətinin rəhbəri Alisiya Sebrian mətbuat konfransında bildirib.
“TV1” xəbər verir ki, Sebrianın sözlərinə görə, dörd nəfər itkin düşmüş hesab olunur və 17 nəfərin yaralandığı məlumdur.
“1 168 nəfər sığınacaqlardadır, onlar, əsasən, paytaxt dairəsi, Atakama və Kokimbodandır. 104 504 nəfərin ətraf aləmlə əlaqəsi kəsilib ki, bu da daha çox Atakama və Kokimbo regionlarının payına düşür”, – deyə o əlavə edib. Təbii fəlakətin tüğyan etməsi nəticəsində 2 000-dən çox evə ciddi ziyan dəyib, 76 yaşayış binası isə dağılıb. Eyni zamanda, 138 000 insan işıqsız qalıb. Kəskin hava şəraiti ilə əlaqədar olaraq Kokimboda və Atakamanın Uasko əyalətində fövqəladə vəziyyət elan edilib








