Daha bir boksçumuz YARIMFİNALDA
İngiltərənin Liverpul şəhərində keçirilən boks üzrə dünya çempionatında yarımfinalçıların adlarına aydınlıq gəlib.
“TV1” xəbər verir ki, Azərbaycan millisinin heyətində Alfonso Dominqesin ardınca Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final mərhələsini qələbə ilə başa vurub.
Boksçumuz yarımfinala gedən yolda Pavlo İlliuşa (Ukrayna) ilə qarşılaşıb. Cəfərov rəqibi üzərində 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb. Bu qələbə sayəsində Səidcəmşid özü üçün azı bürünc medalı da təmin edib.
Səidcəmşid yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə döyüşəcək. Görüş sentyabrın 12-də keçiriləcək. Həmin gün Alfonso Dominqesin rəqibi isə braziliyalı Santos Ribeyro Filyo olacaq.
Qeyd edək ki, dünya çempionatında bu gün istirahətdir. Mundiala sentyabrın 14-də yekun vurulacaq.