DÇ-2026: İslandiya – Azərbaycan oyunu niderlandlı hakimlərə tapşırılıb
2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İslandiya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
“TV1” xəbər verir ki, Reykyavikdə baş tutacaq matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sander van der Eykə Rens Blümink və Stefan de Qroot kömək edəcəklər.
Mark Naqteqaal dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti olacaq.Avstriyalı Tomas Eynvaller isə hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda təşkil olunacaq İslandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.