“DREAM FEST-2026” möhtəşəm konsertlə açılıb
Xəzər dənizi sahilindəki “Sea Breeze Resort”da “DREAM FEST-2026” III Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Ölkənin ən yaxşı yay musiqi məkanlarından biri dörd gün ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçıları və minlərlə müasir estrada pərəstişkarını bir araya gətirəcək.
“TV1” xəbər verir ki, festival Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN), Endryu Donalds, Çeb Xaled, Stas Mixaylov, Alsu, Yeqor Krid, Ani Lorak, Tomas Neverqrin, Brendon Stoun, Basta Rayms, Barbara Berta, Zülfiyyə Xanbabayeva, Roza Zərgərli, “Rozovıe rozı” qrupu və digər ifaçıların iştirakı ilə keçirilən möhtəşəm qala-konsertlə başlayıb.
İlk musiqi axşamının aparıcıları qismində Reqina Todorenko və Murad Dadaşov çıxış ediblər.
Musiqi marafonunu “Bakıya qaçaq” mahnısı ilə Emin Ağalarov açıb. Tamaşaçılar artıq ilk akkordlardan onlara tanış olan melodiyanı zümzümə edərək bütün axşama xoş ovqat qatıblar. Sonradan artistə Endryu Donalds qoşulub və onlar ikilikdə “About Love” kompozisiyasını ifa ediblər. Mahnını təqdim edən EMIN bildirib ki, onun müəllifi Maksim Fadeyevdir.
Proqram EMİN-in solo kompozisiyaları ilə davam edib, bundan sonra Rusiyanın Əməkdar artisti Alsu səhnəyə çıxıb. Onların “Raznıe” dueti Alsunun “Vçera”, “Çujaya” və “İnoqda” hitlərinin axıcı şəkildə solo ifasına çevrilib.
Gecənin ən yaddaqalan məqamlarından biri əfsanəvi Əlcəzair müğənnisi Çeb Xaledin çıxışı olub. Müğənni məşhur “Aicha” mahnısını ifa edərkən tamaşaçılar da ona qoşulublar və bir neçə dəqiqə ərzində konsert məkanı nəhəng açıq hava rəqs meydançasına çevrilib.
Brendon Stoun proqrama yeni bir dinamika qatıb. Onun Azərbaycanın Xalq artisti Eyyub Yaqubovun “Moskva-Bakı təyyarəsi” mahnısına verdiyi interpretasiya tamaşaçılarda böyük əks-səda doğurub və ayaq üstə alqışlara səbəb olub.
Endryu Donalds səhnəyə əfsanəvi “Enigma” və “Mishale” kompozisiyaları ilə qayıdaraq tamaşaçılara nostalji hissləri və xatirələr bəxş edib.
Xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışları festivalın ilk axşamına fərqli milli kolorit əlavə edib. Ölkənin zəngin mədəni irsindən ilhamlanan canlı xoreoqrafik nömrələr konsert proqramını mükəmməl şəkildə tamamlayıb və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Xalq artistləri Zülfiyyə Xanbabayeva və Roza Zərgərli Azərbaycan musiqisini parlaq şəkildə təmsil ediblər. Roza Zərgərli “İstədim” hitini oxuyub, Zülfiyyə Xanbabayeva isə ən məşhur mahnılarından ibarət kompozisiyanı təqdim edib. Tamaşaçılar müğənni ilə birlikdə oxuduqları “Hərdən” mahnısını böyük həvəslə qarşılayıblar.
“DREAM FEST”də ilk dəfə çıxış edən Belarusun “Rozovıe rozı” qrupunun və isveçrəli müğənni Barbara Bertanın ifaları da tamaşaçı auditoriyası tərəfindən hərarətlə qarşılanıb.
Stas Mixaylov tamaşaçılara “Privet, qostepriimnaya zemlya!” (“Salam, qonaqpərvər diyar!”) sözləri ilə müraciət edib. Onun konserti tamaşaçıların birgə müşayiəti ilə davam edib və ən yaddaqalan anlardan biri Roza Zərgərlinin onunla birlikdə “Ya pyu tebya do dna”” mahnısını ifa etməsi olub.
Ani Lorak, Tomas Neverqrin və festivalın digər iştirakçıları da öz proqramlarını təqdim ediblər.
Yeqor Kridin çıxışı gənc tamaşaçıların diqqətini cəlb edib. Müğənninin konsert proqramı tamaşaçıların da onunla birlikdə oxuduqları möhtəşəm setlə başa çatıb.
“DREAM FEST-2026” festivalının ilk gününün son akkordu Xəzər dənizi sahili üzərində gecə səmasını işıqlandıran və tədbirin açılışını parlaq şəkildə başa vuran ənənəvi bayram atəşfəşanlığı olub.








