Dünya səyyahları Füzulidə
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunanəsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya səyyahlarının Qarabağa və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Füzuli şəhəri olub.
“TV1” xəbər verir ki, Füzuli şəhərinə gələn səyyahlar işğal zamanı dağıdılmış ərazilərə baxıblar. Eyni zamanda, azad edilən Füzulidə dövlətimiz tərəfindən aparılan tikinti-quruculuq işlərinin şahidi olublar.
Qeyd edək ki, 2 günlük nəzərdə tutulan səfər çərçivəsində bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.
Xatırladaq ki, “NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında dəfələrlə olmaqla, hazırda dünya üzrə birinci yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə dünya səyyahlarının səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.








