Fermer Şahin Həbibullayev: Meyvə bağlarında təhlükəli virus yayılır

media-ads_728_90

Oğuz rayonunda çəyirdəkli meyvə bağlarında Şarka virusu yayılmağa başlayıb. Operativ karantin tədbirləri görülməzsə, ərik, şaftalı, gavalı, alça və nektarin bağlarının böyük hissəsi təhlükə altındadır.

Bunu “TV1” kanalına açıqlamasında Oğuz rayonundan olan fermer Şahin Həbibullayev bildirib.

Dövlət qurumlarına müraciət etdiyini deyən fermer iri meyvə bağlarında karantin xəstəlikləri qrupuna aid edilən “Şarka” virusunun əlamətlərinin müşahidə olunduğunu bildirib.

Ş.Həbibullayev AQTA-dan şübhə doğuran bağlarda təcili fitosanitar baxış keçirilməsi, laborator analizlər üçün nümunələr götürülməsi və virus təsdiqlənərsə, qanunvericiliyə uyğun olaraq karantin tədbirlərinin görülməsini xahiş edib.

Qeyd edək ki, “Şarka” virusu ilk dəfə 1915-ci ildə Bolqarıstanda aşkarlanıb və sonradan Avropanın böyük hissəsinə, Asiyaya, Yaxın Şərqə və Amerikaya yayılıb. Bu gün 40-dan çox ölkədə rast gəlinən virus çəyirdəkli meyvə ağaclarının ən təhlükəli xəstəliklərindən biri hesab olunur.Şarka virusunun geniş yayılması ayrı-ayrı fermer təsərrüfatları ilə yanaşı, iri aqrokompleksləri də təhlükə ilə üz-üzə qoya bilər. İntensiv bağlarda ağaclar sıx əkildiyindən virusun yayılması daha sürətli baş verir. Bir neçə yoluxmuş ting qısa müddətdə yüzlərlə hektarlıq bağın məhv olması ilə nəticələnə bilər. Bu isə milyonlarla manatlıq ağac fondunun, infrastrukturun və uzun illər ərzində qoyulmuş investisiyaların itirilməsi deməkdir. Nəticədə təkcə fermerlər deyil, tingçilik təsərrüfatları, soyuducu anbarlar, meyvə emalı müəssisələri, logistika şirkətləri və ixracatçılar da ciddi iqtisadi zərbə ala bilər.

Azərbaycanın meyvə ixracının əsas hissəsini təşkil edən ərik, şaftalı, gavalı, badam və digər çəyirdəkli meyvələrin istehsalında yaranacaq problemlər xarici bazarlara çıxışı da çətinləşdirə, ölkəyə daxil olan valyuta gəlirlərini azalda bilər. Bu baxımdan Oğuzdan gələn siqnallar təkcə bir rayonun problemi deyil. Yaranmış problem qısa zamanda aradan qaldırılmazsa, son illərdə ölkənin kənd təsərrüfatına yönəldilən milyardlarla manatlıq sərmayə, fermer təsərrüfatlərı və meyvə ixracı potensialı ciddi təhlükə altına düşə bilər. Problem operativ araşdırılmalı, virusun mövcudluğu təsdiqlənərsə, beynəlxalq fitosanitar qaydalara uyğun olaraq dərhal karantin və məhdudlaşdırıcı tədbirlər tətbiq edilməlidir.

Mətanət Əliyeva

media-ads_728_90
Paylaş