FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət ünvanlayıb.
“TV1″ xəbər verir ki, qurumun müraciətində təhlükəsizlik qaydaları bir daha xatırladılıb.
“Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğu nəzərə alınaraq xatırladılıb ki, küləkli havada dənizə girmək çox təhlükəlidir. Həmçinin kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, xüsusilə havaların isti və quru keçdiyi bu günlərdə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Eləcə də güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub.
“Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə vurğulanıb.








