FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.

“TV1” xəbər verir ki, bu barədə FHN-in qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciətində qeyd olunub.

Bildirilib ki, iyun ayının 1-dən bu günə qədər qeyri-çimərlik ərazilərdə 12 nəfərin bataraq ölməsi faktı qeydə alınıb.

“Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır. Qeyd olunanlarla bağlı FHN bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələri nəzarətsiz qoymamağa, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır”, – deyə müraciətdə vurğulanıb.

 

media-ads_728_90
Paylaş