Fransada masonlara qarşı MƏHKƏMƏ PROSESİ - Sifarişli qətllərdə ittiham olunurlar
Fransada masonlara qarşı məhkəmə prosesi başlayıb.
“TV1” “Döyçe Velle”-yə istinadən xəbər verir ki, onların sifarişli qətllərdə ittiham olunduğu bildirilir.
Qeyd olunur ki, müttəhimlərdən bəziləri gizli mason lojasının – “Atanor”un üzvləridir. (Bu, qədim kimyagərlərin sobalarına verilən addır – red).
Mason lojası Paris şəhərinin ətrafında yerləşən Pyuto qəsəbəsində fəaliyyət göstərib. Ümumilikdə loja təxminən 20 nəfərdən ibarət olub. Lojanın üç üzvü qətllər və hücumlar törədən cinayətkar şəbəkə yaradıb.
Müttəhimlər kürsüsündə 22 nəfər var və onlar təkcə mason deyillər. Onların arasında Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) dörd əməkdaşı, iki polis zabiti, keçmiş daxili kəşfiyyat zabiti, bir cangüdən və iki top menecer var. Onlar yarış avtomobili sürücüsünün qətlini təşkil edən mafioz struktur yaratmaqda və fəaliyyətində iştirakda, bir neçə qətlə cəhddə və basqınlarda ittiham olunurlar. 13 şübhəlini ömürlük həbs gözləyir.
İş 2020-ci ilin iyulunda uğursuz sifarişli qətllə başlayıb. Sonra iki əsgər 60 yaşlı biznes məşqçisi Mari-Elen Dininin evinin yaxınlığında silahlarla həbs edilib. Dindirmə zamanı onlar bildiriblər ki, Mari-Elen Dini İsrail kəşfiyyatı Mossada işlədiyi üçün Fransa hökuməti onlara məşqçini öldürməyi tapşırıb.
Məhkəmədən əvvəl cinayətləri törədən şəxslər mason təşkilatçılarının hökumətin adından hərəkət etdiklərini deyərək onları aldatdıqlarını bildiriblər. “Mason mafiyası”nı ifşa edən bu şəxslərin cinayətləri “xırda qisas əməllərindən adam öldürməyə qədər” uzanır.
Məhkəmənin üç aya yaxın davam edəcəyi bildirilir.








