Güclü ailə modeli yalnız dövlətin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir - Firuzə Nadir

media-ads_728_90

“Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlər göstərir ki, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi istiqamətində yeni yanaşmalara ehtiyac var. 2026-cı ilin ilk beş ayında 15 min 107 nikaha qarşı 8 min 87 boşanmanın qeydə alınması ailə münasibətlərində sabitliyin əvvəlki illərlə müqayisədə zəiflədiyini göstərir. Bu tendensiya yalnız statistik göstərici deyil, həm də cəmiyyətin sosial və demoqrafik inkişafına təsir edən mühüm amildir”.

“TV1” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, nikahların sayının azalmasının əsas səbəblərindən biri gənclərin ailə qurma yaşının yüksəlməsidir. Onun sözlərinə görə, təhsil müddətinin uzanması, karyera qurmaq istəyi, mənzil problemləri və müasir həyat tərzinin fərdi inkişafı ön plana çıxarması gənclərin ailə qurmaq qərarını gecikdirən əsas amillərdəndir.

Müsahib vurğulayıb ki, boşanmaların artmasına ailə həyatına hazırlığın zəif olması, qarşılıqlı ünsiyyət və kompromis bacarıqlarının kifayət qədər inkişaf etməməsi, maddi çətinliklər, ailədaxili zorakılıq, qısqanclıq və sosial şəbəkələrin münasibətlərə təsiri səbəb olur. Eyni zamanda, insanların uğursuz nikahı davam etdirmək əvəzinə ayrılmağa daha meyilli olması da boşanma statistikasının artmasına təsir göstərir.

Firuzə Nadirin sözlərinə görə, problemin həlli üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti vacibdir. O hesab edir ki, nikaha hazırlaşan şəxslər üçün ailə psixologiyası, ünsiyyət mədəniyyəti, maliyyə planlaşdırılması və valideynlik məsuliyyəti ilə bağlı maarifləndirici proqramlar, eləcə də nikah öncəsi məsləhət və təlimlər təşkil edilməlidir.

O əlavə edib ki, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Güzəştli ipoteka imkanlarının genişləndirilməsi, ilk mənzilə çıxışın asanlaşdırılması, uşaq baxımı xidmətlərinin artırılması və işləyən valideynlər üçün çevik əmək şəraitinin yaradılması ailələrin iqtisadi yükünün azalmasına töhfə verə bilər.

Müsahib bildirib ki, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, media və təhsil müəssisələri ailə dəyərlərinin təbliğində daha fəal iştirak etməlidir. Onun fikrincə, məktəblərdə və ali təhsil müəssisələrində sağlam ailə münasibətləri, emosional intellekt və münaqişələrin sivil həlli ilə bağlı maarifləndirici proqramların keçirilməsi, həmçinin peşəkar psixoloq və mediator xidmətlərinin əlçatanlığının artırılması ailələrin daha dayanıqlı olmasına kömək edə bilər.

Sonda Firuzə Nadir qeyd edib ki, ailənin qorunması yalnız hüquqi və iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik, demoqrafik inkişaf və sosial sabitlik məsələsidir. Onun sözlərinə görə, dövlət dəstəyi, ictimai maarifləndirmə və ailə mədəniyyətinin inkişafı paralel şəkildə həyata keçirildiyi təqdirdə həm nikahların sayını artırmaq, həm də boşanmaların azalmasına nail olmaq mümkündür.

media-ads_728_90
Paylaş