Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun üzvləri yeparxiya nümayəndələrinin qapalı, genişləndirilmiş iclasında Mitropolit Şionu Gürcüstan Patriarxı seçiblər.
‘’TV1’’ xəbər verir ki, yeni seçilmiş Patriarx Şionun 57 yaşı var.
O, 1993-cü ildə monastır andı içməzdən əvvəl Tbilisi Konservatoriyasında təhsil alıb. 1999-cu ildə Batumi İlahiyyat Seminariyasını bitirib, sonra Moskva İlahiyyat Akademiyasında və Humanitar Elmlər üzrə Müqəddəs Tixon Pravoslav Universitetində ilahiyyat təhsilini davam etdirib və 2005-ci ildə məzun olub. 2003-cü ildə Gürcüstan Pravoslav Kilsəsinin Müqəddəs Sinodu onu yepiskop seçib və 2010-cu ildə Mitropolit rütbəsinə yüksəldilib.
xxx
Gürcüstan Pravoslav Kilsəsinin yeni – 142-ci Katolikos-Patriarxı bu gün keçirilən genişləndirilmiş kilsə şurasında seçilir.
‘’TV1’’ xəbər verir ki, tədbir Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilir və yerli vaxtla saat 13:00-da başlayıb.
Şurada təxminən 1200 nümayəndə iştirak edir. Səsvermədə yalnız patriarxlar iştirak edir. Yeni Katolikos-Patriarx seçilmək üçün namizəd ən azı 20 səs toplamalıdır. Əgər ilk turda heç bir namizəd tələb olunan səs çoxluğunu əldə etməzsə, ən çox səs qazanan iki namizəd arasında ikinci tur keçiriləcək.
Patriarx postuna əsas namizədlər Senaki və Çxorotsku mitropoliti Şio (Mujiri), Mroveli-Urbenisi mitropoliti İob (Akiaşvili) və Poti-Xobi mitropoliti Qriqoli (Berbiçaşvili)dir. Məlumata görə, ilkin səsvermədə Şio (Mujiri) 20 səs toplayıb. Digər iki namizədin hər biri isə 7 səs əldə edib.
Yeni Patriarxın taxta çıxma tarixinin də bu gün açıqlanacağı gözlənilir. Qərarı seçilmiş Patriarx özü müəyyən edəcək.
Xatırladaq ki, Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir. Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.








