HƏMAS-ın tam tərksilah edilməsi ilə bağlı razılıq əldə olunub - Tramp
Sülh Şurası Qəzza zolağında HƏMAS və digər silahlı qruplaşmaların tam tərksilah olunması ilə bağlı razılıq əldə edib.
“TV1” xəbər verir ki, bunu ABŞ-ın Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında bəyan edib.
“Bu gün Sülh Şurası HƏMAS və Qəzzadakı bütün digər silahlı qruplaşmaların tam tərksilah olunması barədə tarixi razılaşma əldə edib. Bu, davamlı sülh və təhlükəsizliyə doğru atılmış tarixi bir addımdır”, – deyə D.Tramp qeyd edib.
ABŞ Prezidentinin sözlərinə görə, bu razılaşma onun Qəzza ilə bağlı 20 bəndlik planının həyata keçirilməsində mühüm mərhələdir və Sülh Şurası ilə birgə fəaliyyət göstərəcək yeni Fələstin administrasiyasının formalaşdırılmasına yönəlib.
“Bu razılaşma Qəzzada nəhayət, Fələstin xalqının rifahı naminə Sülh Şurası ilə sıx əməkdaşlıq edəcək yeni Fələstin hökumətinin yaradılması istiqamətində mühüm addımdır. Eyni zamanda, İsrail layiq olduğu təhlükəsizliyi əldə edəcək, Qəzza isə artıq terror hücumları üçün baza kimi istifadə olunmayacaq”, – deyə Tramp bildirib.
O əlavə edib ki, proses mərhələli şəkildə həyata keçiriləcək. Tərksilah prosesi başa çatdıqdan sonra İsrail qüvvələrinin bölgədən çıxarılması gözlənilir. Bundan sonra Qəzzada təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyəti Beynəlxalq Sabitləşdirmə Qüvvələri və yeni yaradılacaq Fələstin polis qüvvələri öz üzərinə götürəcək.
Tramp, həmçinin vasitəçilik səylərinə görə Misir, Qətər və Türkiyəyə, eləcə də danışıqlarda iştirak etmiş komandasına təşəkkür edib.








