IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb

media-ads_728_90

İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında bir sıra sazişlərin mübadiləsi həyata keçirilib.

“TV1” xəbər verir ki, bu çərçivədə ICD ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycanda maliyyə, investisiya və konsaltinq imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair saziş imzalanıb.

Həmçinin ICD ilə Azərbaycan Biznesin İnkişafı Fondu arasında 200 milyon manatlıq saziş imzalanıb. Bu saziş yerli valyutada maliyyə institutlarına kredit xətlərinin təqdim edilməsi və həmin vəsaitlərin özəl sektor şirkətlərinin maliyyələşdirilməsinə yönəldilməsini nəzərdə tutur.

Bundan əlavə, ICD ilə Türk İnvestisiya Fondu arasında 50 milyon ABŞ dolları həcmində çərçivə sazişi, ICD ilə Azerbaijan Connect Group arasında 20 milyon ABŞ dolları həcmində birbaşa maliyyələşdirmə xətti, həmçinin ICD ilə “TuranBank” arasında 15 milyon ABŞ dolları həcmində kredit xəttinin verilməsinə dair razılaşma mübadiləsi həyata keçirilib.

Sözügedən kredit xətti ICD tərəfindən banka təqdim ediləcək və vəsaitlər Azərbaycanın özəl sektorunda uyğun meyarlara cavab verən şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Bundan başqa, Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası (ITFC) ilə Rabitəbank arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə şərtlərinə dair məktub (Term Sheet) imzalanıb.
Ümumilikdə imzalanan sənədlərin dəyəri 295 milyon ABŞ dolları təşkil edir.

media-ads_728_90
Paylaş