İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu yaradılır

media-ads_728_90

Parlament Mənzil Məcəlləsinə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara təklif edilən dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.

“TV1” xəbər verir ki, bu məsələ parlamentin iyunun 12-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut – “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.

Eyni zamanda, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşəcək. Yeni təklifə əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcək.

Layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir. Mövcud 3 illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək. Bundan başqa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək, bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.

media-ads_728_90
Paylaş