İşğaldan azad edilmiş ərazilərdə 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır

media-ads_728_90

İşğaldan azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır.

“TV1” xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev bu gün Zəngilan Konqres Mərkəzində Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında deyib.

Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında çıxış edən Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, iclasın Zəngilanda keçirilməsi regionlarda belə tədbirlərin təşkili ənənəsinin formalaşmasına və regionlararası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

“Qədim Zəngilan şəhəri uzun illər işğal altında olmuş Azərbaycanın azad edilmiş bölgələrindən biridir. Bu gün Zəngilan, digər azad edilmiş ərazilər kimi, Azərbaycanın tarixi qələbəsindən sonra başlanmış yeni inkişaf mərhələsini yaşayır. Biz Zəngilan şəhərinin mərkəzinə baş çəkdik və onun bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin nəticələri ilə əyani şəkildə tanış olduq. Bugünkü təqdimat həmçinin sizə Zəngilan rayonunun Ağalı və Məmmədbəyli qəsəbələrində həyata keçirilən bərpa layihələrinin nəticələrini görmək imkanı verdi. Qeyd edim ki, Ağalı qəsəbəsi bərpa işlərindən sonra keçmiş məcburi köçkünlərin qayıtdığı ilk azad edilmiş yaşayış məntəqəsi olub”, – deyə Baş nazirin müavini qeyd edib.

Şahin Mustafayev bildirib ki, işğal dövründə ərazilər ciddi dağıntılara məruz qalıb, yaşayış məntəqələri və infrastruktur tamamilə məhv edilib. Hazırda isə azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır və dayanıqlı inkişaf üçün şərait formalaşdırılır.

Baş nazirin müavini diqqətə çatdırıb ki, həyata keçirilən layihələr çərçivəsində 1400 kilometrdən artıq avtomobil yolu çəkilib, 120 kilometrdən çox dəmir yolu xətti inşa olunub, 7 tunel istifadəyə verilib, daha 31 tuneldə qazma işləri tamamlanıb, 392 körpü tikilib. Eyni zamanda üç beynəlxalq hava limanı artıq istismara verilib.

Şahin Mustafayev vurğulayıb ki, azad edilmiş ərazilərdə hazırda 75 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Daha ətraflı məlumatın iclas çərçivəsində nümayiş etdiriləcək videoçarxda təqdim olunacağı bildirilib.

Qeyd edək ki, iclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə Baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edir. İclasda hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılıb.

media-ads_728_90
Paylaş