İspaniya Baş nazirinin həyat yoldaşına korrupsiya ittihamı irəli sürülüb

media-ads_728_90

İspaniyanın Baş naziri Pedro Sançezin həyat yoldaşı Beqonya Qomesə qarşı iki illik cinayət araşdırmasından sonra korrupsiya ittihamı irəli sürülüb.

“TV1” xəbər verir ki, o, dörd cinayət əməli üzrə (nüfuz alveri, biznes sahəsində korrupsiya, vəsaitlərin mənimsənilməsi, vəsaitlərin israf edilməsi) ittiham olunur.

B.Qomes ittihamları rədd edir.

Məhkəmə sübutların kifayət etməməsi səbəbindən vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə ittihama xitam verib. Hakim tərəflərə şifahi dinləmələrin başlanması ilə bağlı vəsatətlərin təqdim edilməsi və ya müdafiə qeydlərinin hazırlanması üçün beş gün müddət verib.

Qeyd edək ki, iş 2024-cü ildən korrupsiya hallarının ifşası ilə məşğul olan “Manos Limpias” (“Təmiz Əllər”) təşkilatının şikayəti əsasında açılıb. Aprelin 13-də qəbul edilən qərardan sonra iş andlılar məhkəməsinə yönləndirilib.

İstintaqın diqqət mərkəzində B.Qomesin Madridin universitetdəki (“Complutense University of Madrid” ) fəaliyyəti və bu təhsil müəssisəsinin təşviq etdiyi layihələr və peşəkar əməkdaşlıq çərçivəsində biznes nümayəndələri ilə münasibətləri dayanır.

media-ads_728_90
Paylaş