Kanada və Minnesotadakı meşə yanğınlarının tüstüsü ABŞ-ın 17 ştatını bürüdü
Kanada və ABŞ-ın Minnesota ştatında davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində yaranan qalın tüstü ABŞ-ın Orta Qərb, Böyük Göllər və şimal-şərq bölgələrini əhatə edib. Hazırda Minnesota ştatındakı Superior Milli Meşəsində ən azı 17 yanğın ocağı qeydə alınıb, Kanadada isə yüzdən çox meşə yanğını davam edir.
“TV1” xəbər verir ki, tüstünün sıxlığı o qədər yüksəkdir ki, Minnesotanın şimalında səma narıncı rəng alıb. Meteoroloqlar bildirirlər ki, yaranan mənzərə Marsın atmosferini xatırladır.
Təhlükəli ərazilərdən turistlərin və yerli sakinlərin təxminən 90 faizi təxliyə olunub. Xilasetmə əməliyyatları zamanı insanlar saatlarla kanoe ilə hərəkət etməyə, bəzi yerlərdə isə qayıqları quru ilə daşımağa məcbur qalıblar. Minnesota ştatının şimal-şərqində yerləşən Sent-Luis dairəsində fövqəladə vəziyyət elan edilib.
Havanın ciddi şəkildə çirklənməsi ilə bağlı xəbərdarlıqlar ABŞ-ın azı 17 ştatında qüvvədədir. Nyu-York şəhər rəhbərliyi sakinlərə pulsuz qoruyucu maskalar paylayır və zəruri olmadıqca açıq havaya çıxmamağı tövsiyə edir. Çikaqo meri Brendon Conson isə təhlükəli hava şəraitinin insanların sağlamlığı üçün ciddi risk yaratdığını bildirib. Şəhərdə vəziyyəti daha da ağırlaşdıran amillərdən biri də anomal istilərdir. Proqnozlara əsasən, iyulun 16-da Çikaqoda havanın temperaturu 30 dərəcəyədək yüksəlmişdi.
“IQAir” (İsveçin hava keyfiyyəti texnologiyası şirkəti) beynəlxalq monitorinq platformasının məlumatına görə, hazırda Detroit, Toronto, Minneapolis və Çikaqo havanın keyfiyyətinə görə dünyanın ən çirkli şəhərləri sırasında yer alır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, havada olan PM2.5 adlı xırda hissəciklər öskürək, nəfəs darlığı və başgicəllənməyə səbəb olmaqla yanaşı, astma tutmalarını da gücləndirə bilər.
Sinoptiklərin proqnozuna əsasən, davam edən quraqlıq və yüksək temperatur səbəbindən iri meşə yanğınlarının qarşıdakı bir neçə ay ərzində də davam etməsi ehtimal olunur.








