Keniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun cari ilin iyununda Keniyaya rəsmi səfərin nəticələrindən biri kimi iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsi ilkin olaraq razılaşdırılıb. Bu məsələ Keniyanın ikipalatalı qanunvericilik orqanları Milli Assambleyanın sədri Moses Vetanq’ula və Senatın sədri Amason Ceffa Kinqi ilə görüşlərdə müzakirə edilib.
“TV1” xəbər verir ki, Azərbaycan Milli Məclisi ilə Keniya Senatı arasında dostluq qrupunda iştirak edəcəyi ehtimal olunan Keniya Senatının üzvləri Stevart Madzayo, Tabitha Mutinda və Hamida Kibvana Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət ediblər.
Səfir Sultan Hacıyev senatorları Ulu Öndər Heydər Əliyevin siyasi kursuna əsaslanan inkişaf yolu və azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri haqqında məlumatlandırıb. Onlara Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründəki fəaliyyətinin və parlament diplomatiyasının önəmi, COP29-a ev sahibliyi zamanı irəli sürülmüş təşəbbüslər, eləcə də WUF13-ə hazırlıq planları haqqında məlumat verilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin həm Azərbaycan ilə Ermənistan arasında, həm də ümumilikdə regionda sülh və inkişaf üçün tarixi əhəmiyyəti barədə danışılıb.
Sonda tərəflər Azərbaycanın Milli Məclisi ilə Keniyanın Senatı arasında yaradılacaq əməkdaşlığın ölkələr arasında sürətlə inkişaf edən əlaqələrin dinamikasına müsbət töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər./azərtac