Laçında iqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların roluna həsr olunan panel sessiya keçirilib
Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu çərçivəsində “İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafında Qadınların rolu” mövzusunda panel sessiya keçirilib.
“TV1” xəbər verir ki, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyevanın moderatorluğu ilə baş tutan sessiyada Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan parlamenti Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyasının üzvü Juldız Süleymenova, Azərbaycan Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, ECO-nun Təhsil İnstitutunun rəhbəri Mehmet Akif Kireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin əməkdaşı, tərəfdaşlıq və resursların səfərbərliyi üzrə mütəxəssis Mihaela İonesku və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin baş layihə mütəxəssisi Fərəc Hüseynbəyov iştirak ediblər.
Paneldə çıxış edən E.Nəsibov vurğulayıb ki, Azərbaycanda 1,6 milyon şagird var və onların 62 faizi qızlardır:
“Peşə təhsilində qızların iştirakı 36 faizdir. Elm və Təhsil Nazirliyi bunu 40 faizə çatdırmağı hədəfləyir”.
O deyib ki, qadınların təhsilə cəlb edilməsində əsas çətinlik maliyyə problemidir:
“Yəni ailələr maliyyə imkanlarını daha çox oğlan övladlarına yönəldiblər. Buna görə Azərbaycanda Təhsil Kredit Fondu yaradıldı. Azərbaycanda 26 mindən artıq qız təhsil kreditindən istifadə edib”.
J.Süleymenova çıxışında vurğulayıb ki, Qazaxıstan təhsil sahəsində gender bərabərliyinə nail olub:
“Ölkədə ali təhsilli gənc qadınların 50 faizi bakalavr, 63 faizi isə magistr dərəcəsi alıb. Biz mütəxəssislərimizi gələcək istiqamətində formalaşdırırıq. Beynəlxalq universitetlərlə əməkdaşlıq edirik, mütəxəssisləri yetişdiririk. Təhsilimiz müasir texnologiyalara əsaslanır. Gənc qızların kollektiv əməkdə iştirakı üçün addımlar atılır. Qadın sahibkarlığı ilə bağlı Milli Proqram qəbul etmişik və həyata keçiririk”.
F.Hüseynbəyov diqqətə çatdırıb ki, təmsil etdiyi bank Asiya və Sakit okean regionunda gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi istiqamətində addımlar atır:
“Eyni zamanda, bankımız inklüziv inkişaf məsələləri ilə məşğul olur. Xüsusilə, qadınların təhsilinə dəstək üçün səylər göstəririk. Onlara bacarıqların inkişaf etdirilməsi, rəqəmsal biliklər, texniki və peşə bacarıqları üzrə təlim kursları təşkil edirik. Məqsədimiz keyfiyyətli iş yerlərinin yaradılması, həmçinin qadınlar üçün qeyri-ənənəvi peşələrə cəlb olunma imkanlarının təmin olunmasıdır”.
O qeyd edib ki, yaşıl iqtisadiyyata keçid bu çərçivədə böyük imkanlar açır:
“Lakin biz çalışmalıyıq ki, qadınlar hər zaman diqqət mərkəzində olsunlar. Asiya İnkişaf Bankı qadınlar arasında yaşıl bacarıqların təşviq olunması məqsədilə milli yaşıl inkişaf strategiyaları və proqramların hazırlanmasına dəstək verir.
Biz qadınların əmək bazarında müvafiq səviyyəyə çatmalarına da dəstək veririk. Asiya İnkişaf Bankı vəsaitlərin 60 faizini gender bərabərliyinə yönəldir”.
Müzakirələr digər istiqamətlərdə çıxışlarla davam etdirilib.