Livan Prezidenti Netanyahu ilə danışıqlardan imtina edib
Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlardan imtina edib.
“TV1” xəbər verir ki, Livan Prezidenti bu qərarı barədə ABŞ dövlət katibi Marko Rubionu telefon danışığı zamanı məlumatlandırıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp iki lider arasında telefon danışığının aparılmasına hazırlıq getdiyini bəyan etmişdi. İsrail və Livanın müxtəlif media orqanları bu məlumatı təsdiqləyir və ya təkzib edirdi.
Qeyd edək ki, Livan Prezidenti Cozef Aun və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı Livanda atəşkəsə nail olunması səylərini müzakirə ediblər. Bu barədə Livan Prezident Administrasiyasının “X” hesabında bildirilib.
“Cozef Aun atəşkəs səylərinə və bütün səviyyələrdə göstərilən dəstəyə görə Vaşinqtona minnətdarlığını bildirib”, – deyə məlumatda qeyd olunub.
M.Rubio atəşkəs səylərinin davam etdirildiyini təsdiqləyib və bunun Livanda sülh, təhlükəsizlik və sabitliyin bərqərar olunmasına doğru addım kimi qiymətləndirib. O, Prezident C.Aunun mövqeyinin dəstəkləndiyini və yüksək qiymətləndirildiyini bildirib.








