Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub.
“TV1” xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir.
Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələri, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.
Mərkəzdə qərargah, yataqxana, tibb məntəqəsi, klub, tədris və qonaq evləri, qapalı idman kompleksi, simulyasiya mərkəzi, açıq idman sahələri, helikopter meydançası, atıcılıq poliqonları və digər zəruri infrastruktur olacaq.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.
Ağdərə şəhərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan yaşayış binaları da istismara verilib.
Bildirilib ki, Ağdərədə Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün ümumilikdə 3 binada təmir-bərpa işləri görülüb. Dörd və beşmərtəbəli binalardakı 72 mənzildən 8-i birotaqlı, 36-sı ikiotaqlı, 24-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Burada hərbçilərin və onların ailə üzvlərinin yaşaması və asudə vaxtlarının səmərəli təşkili üçün bütün şərait yaradılıb. Mənzillər su, qaz, elektrik enerjisi, internet, həmçinin mebel dəstləri ilə təchiz edilib. Binaların ətrafında da geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin istirahəti üçün guşələr yaradılıb.
Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Milli Ordumuzun şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Son illər Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, hərbi qulluqçuların mənzillə təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bütün bunlar Müzəffər Ali Baş Komandan tərəfindən qalib Ordunun şəxsi heyətinə göstərilən yüksək qayğının bariz nümunəsidir.








