Qazaxıstan Milli Universitetində “Azərbaycan guşəsi” təşkil olunub
Astanada Avrasiya Milli Universitetində Novruz bayramına həsr olunmuş təntənəli tədbirlər keçirilib.
“TV1” xəbər verir ki, bayram çərçivəsində azərbaycanlıların “Xəzər” etnomədəni birliyinin gənclər qolu tərəfindən universitetin illik mədəni tədbirlərinin ənənəvi hissəsinə çevrilmiş “Azərbaycan guşəsi” təşkil olunub.
“Azərbaycan guşəsi”nin təşkilatçılarından biri “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə ikinci kurs tələbəsi, hökumətlərarası təqaüd proqramı ilə təhsil alan həmyerlimiz Aydan Əhmədzadə olub.
“Universitetdə hər il keçirilən ənənəvi Novruz bayramında “Azərbaycan guşəsi” də təşkil olunur. Biz Azərbaycan adət -ənənələrini, milli süfrə təamlarını, şirniyyatlarımız olan paxlava, şəkərbura, bayram xonçası və səmənini təqdim edirik. Tələbələrə, artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramını daha da təmtaraqlı keçirilməsi haqda ətraflı məlumat verməyə çalışırıq”, – deyə Aydan Əhmədzadə əlavə edib.
“Xəzər” etnomədəni birliyinin sədri Mahir Rzayev qeyd edib ki, tədbirdə iştirakının əsas məqsədi Azərbaycan mədəniyyətinin və Novruz ənənələrinin təbliğidir.
“Qardaş qazax xalqının mədəniyyətimizi tanıması çox vacibdir. “Azərbaycan guşəsi” universitetdə hər il təşkil olunur və artıq xoş ənənəyə çevrilib”, – deyə o vurğulayıb.
Universitetin tələbə və müəllimləri sərgiyə böyük maraq göstərərək iki ölkənin ənənələri arasında oxşarlıqları və özünəməxsusluğu qeyd ediblər.








