Qazaxıstanın inkişaf prioritetləri - Tokayevin sərt tələbləri...
Bu günlərdə Astanada keçirilən rəsmi toplantıda Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev hakimiyyət strukturlarının sosial sahədəki fəaliyyətini qiymətləndirən çıxış edib. Tokayev nazirlikləri sərt şəkildə tənqid etməklə yanaşı, islahatlar və məsuliyyət mexanizmlərinin gücləndirilməsi tələbini dilə gətirib.
Prezident Tokayev çıxışında qeyd edib ki, sosial sahədə maliyyə və idarəetmə problemləri əslində genişmiqyaslı dələduzluq və israfçılıq halları ilə müşahidə olunur. O bildirib ki, səhiyyə sistemində hələ də 30-dan çox əlaqəsiz informasiya sistemi fəaliyyət göstərir. Bu da nəzarəti çətinləşdirir və sui-istifadə üçün şərait yaradır.
Prezident hökumətə tapşırıb ki, bütün proseslər üzərində tam nəzarəti təmin edəcək vahid dövlət tibbi informasiya sistemi yaradılsın.
Tokayev həm də Sosial Tibbi Sığorta Fondunda məlumatların saxtalaşdırılması və şişirdilməsi faktlarının aşkarlandığını vurğulayıb və ilin sonuna qədər sığorta fəaliyyətinin tam rəqəmsallaşdırılmasını tələb edib. O, bu sahədə tapılan qanun pozuntularının bütün detalları ilə araşdırılmasını prokurorluq və digər səlahiyyətli qurumlara tapşırıb. İstintaq prosesinə şəxsən nəzarət edəcəyini bildirib.
Daha sonra o, təhsil sahəsində də fırıldaqçılığın yayılması ilə bağlı narahatlığını ifadə edib və qanunu pozanların layiqli cəza almalı olduğunu vurğulayıb.
Eyni zamanda, Tokayev milli şirkətlərin və “Samruk-Kazına” fondunun rəhbərliyini də tənqid edərək struktur və idarəetmədə səmərəsizlik və rəhbər heyətin çoxluğu məsələsini qaldırıb. İş yükləri az olan idarəçilərin fəaliyyətsizliyindən narazılığını ifadə edib.
Müşahidələr göstərir ki, Tokayevin bu çıxışı yalnız sərt tənqid deyil, əslində Qazaxıstanın sosial sektorunda islahat yönümlü yeni bir siyasət xəttinin ifadəsidir.
Onun məntiqi əsaslarını belə ümumiləşdirmək olar:
1) Dövlət vətəndaşların rifahına ciddi diqqət yetirir.
Dövlətin əsas prioriteti vətəndaşların sağlamlığı və rifahıdır. Səhiyyə və sosial təminat sistemindəki pozuntular birbaşa insanların həyatına təsir etdiyindən dövlət rəhbəri bunu ciddi problem kimi qiymətləndirir və köklü islahat tələb edir.
2) Prezident xüsusilə rəqəmsal inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bu, yalnız texnoloji yenilik deyil, eyni zamanda korrupsiya və sui-istifadə risklərini azaltmaq üçün effektiv vasitədir. Aşkar olan nöqsanlara məsuliyyətli və diqqətli yanaşma ölkənin idarəetməsini daha şəffaf, hesabatlı və müasir etməklə həmçinin sosial xidmətlərin keyfiyyətini artırır.
3) Tokayevin çıxışı göstərir ki, dövlət idarəetməsində səmərəsizlik və sui-istifadə məsələlərinə yol verilməməlidir. Bu, sadəcə bir tənqid deyil, həm də məsuliyyət sistemi daxilində dövlət qulluqçularının və nazirlik rəhbərlərinin fəaliyyətinə ciddi nəzarətin davam etdiriləcəyini göstərir.
Nəticə etibarı ilə Prezident Tokayevin çıxışı dövlətin Uzunmüddətli Strategiyaya malik olduğunu göstərir.
Qasım-Jomart Tokayevin bu mövqeyi Qazaxıstan üçün yeni ictimai-siyasi kursun bir hissəsi kimi qiymətləndirilməlidir.
O, sosial sahədə baş verən problemlərə şəxsən diqqət çəkərək, dövlətin vətəndaşların sağlam yaşaması və ölkənin davamlı inkişafı ilə bağlı strateji prioritetlərini açıq şəkildə ortaya qoydu.
Dövlət rəhbərliyi üçün səhiyyə, sosial təminat, təhsil və səmərəli idarəetmə kimi sahələrdə şəffaflıq və rəqəmsallaşdırma prosesləri həm vətəndaşların rifahına, həm də ölkənin beynəlxalq rəqabət qabiliyyətinə xidmət edən vacib elementlərdir.
Beləliklə, Tokayevin çıxışı təkcə kəskin tənqid deyil, bu, Qazaxıstan cəmiyyətinin etibarlı, şəffaf və inklüziv dövlət quruluşuna doğru irəliləməsi strategiyasının mühüm mərhələsidir.
Qəvami Sadıqbəyli








