“Şahdağ” Turizm Mərkəzində yay mövsümü açılıb
Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi 2026-cı ilin yay mövsümünə start verib.
“TV1” xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, ölkə turizminin inkişafında, dağlıq ərazilərin turizm potensialının tanıdılması və dağ turizminin təşviqində əhəmiyyətli rol oynayan turizm mərkəzində bu mövsüm də yerli və əcnəbi turistlərə, aktiv istirahət və əyləncə sevərlərə, eləcə də təbiət həvəskarlarına müxtəlif turizm xidmətləri təqdim ediləcək. Bununla yanaşı yay mövsümü ərzində “Şahdağ”da sağlam həyat tərzinin təşviq edilməsi üçün müxtəlif idman tədbirlərinin təşkili də nəzərdə tutulub.
Son illərdə Azərbaycanda dağ və ekoturizm növlərinə marağın artması fonunda “Şahdağ” tərəfindən yay turizm məhsullarının şaxələndirilməsi, regiona turist axınının stimullaşdırılması və dağlıq ərazilərin turizm imkanlarının geniş auditoriyaya tanıdılması baxımından bir sıra mühüm addımlar atılıb.
İl boyu xidmət göstərən turizm mərkəzi konsepsiyasına əsaslanaraq fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzində kanat xətlərinin sayı 16-ya, yay aylarında mərkəzin açıq və qapalı məkanlarında fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 35-ə, iaşə obyektlərinin sayı isə 30-a çatdırılıb. Həmçinin 124 nömrəlik yeni “Lakeside” Hotel istifadəyə verilib.
Bununla yanaşı V faza üzrə həyata keçirilən tədbirlərə əsasən 2800 metr uzunluqda 26 nömrəli kanat xəttinin inşası davam etdirilir, yeni əyləncələrin yaradılması istiqamətində layihələr üzərində işlər aparılır.
“Şahdağ” Turizm Mərkəzinin il boyu fəaliyyətinin təmin edilməsi ilə dağ və təbiət turizminin inkişafına, region üzrə sosial-iqtisadi fəallığın artırılmasına, məşğulluğun genişlənməsinə və dayanıqlı turizm modelinin formalaşdırılmasına töhfə vermək hədəflənir.








