Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində 6 milyard manat investisiya qoyulması gözlənilir

media-ads_728_90

Bölgələrdə keçirilən müşavirələrin məqsədi aqrar sahə üzrə 2026–2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələrin izah edilməsi, nəzərdə tutulan hədəflərin fermerlərə və sahibkarlara çatdırılmasıdır. Eyni zamanda bu hədəflərə nail olmaq üçün hansı alətlərdən istifadə ediləcək, dövlət tərəfindən hansı dəstək göstəriləcək, bu dəstəyin həcmi nə olacaq — bütün bunlar izah olunur.

“TV1” xəbər verir ki, bunu Göygöl rayonunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Dövlət Proqramında bir çox sahələr üzrə çox konkret hədəflərin müəyyənləşdiyini deyən Şahmar Mövsümov bildirib ki, proqram, ümumilikdə 5 prioritet məsələni, 16 fəaliyyət istiqamətini və 86 tədbiri əhatə edir. Bu tədbirlərin icrası nəticəsində hər sahə üzrə konkret rəqəmlər hədəflənib. Buna müasir suvarma sistemlərinin tətbiq olunduğu hazırkı 130 min hektar sahənin 300 min hektara çatdırılmasını, pambıqçılıq və buğda istehsalında məhsuldarlığın bir hektardan 5 tona qədər artırılmasını misal göstərmək olar.

“İndiyə qədər dövlət dəstəyi alətləri daha çox bitkiçilik üzərində formalaşırdı. Yeni Dövlət Proqramında isə həm heyvandarlıq, həm də akvakultura və balıqçılıq üçün də konkret tədbirlər nəzərdə tutulur”, – deyə o əlavə edib.

Dövlət Proqramından gözləntilər barədə danışan Prezidentin köməkçisi qeyd edib ki, təxminən 6 milyard manat həcmində investisiyanın cəlb ediləcəyi gözlənilir. Bunun 2,2 milyard manatdan çoxu dövlət tərəfindən, 3,7 milyard manatı isə özəl sektor tərəfindən investisiya kimi nəzərdə tutulur.

media-ads_728_90
Paylaş