Sumqayıtda “alma davası”nın pərdəarxası – Əhmədalıyev kimlərdən nələri alır?/VİDEO
Sumqayıt şəhərində son günlər baş verən hadisələr ictimaiyyətin diqqətini çəkib. Şəhərin mərkəzində, Nizami meydanında keçirilən reyd zamanı bir neçə mağazadan məhsulların müsadirə edilməsi sakinlər və sahibkarlar arasında ciddi narazılıq yaradıb.
“TV1” editor.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlardan da görünürdü ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlov reyd zamanı xüsusilə fəallıq göstərib, bu əməliyyatı son dərəcə kobud şəkildə həyata keçirib.
Reydin arxasında konkret göstəriş olduğu bildirilir – mağazaların qarşısından ticarətin yığışdırılması tapşırığı verilmişdi.
Eyni zamanda, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinə də oxşar tapşırıq çatdırılıb və nəticədə 10 ilə yaxın fəaliyyətdə olan köşklərin sökülməsi gerçəkləşib.
Maraqlıdır ki, sözügedən köşklər illərdir rəsmi şəkildə fəaliyyət göstərib və müxtəlif dövrlərdə icra strukturlarına ödənişlər olunub. Hər köşk üçün əvvəlcə 2 min manat ödəniş mövcud olub, 2026-cı ildən isə bu məbləğ artırılıb.
Hadisə yalnız reydlə bitmir. Məlumatlara görə, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma Şöbəsinin müdiri Rəşad Əhmədalıyev haqqında söz-söhbətlər geniş yayılıb. Məsələn, köhnə binaların 1-ci mərtəbəsində obyekt qapılarının açılışı üçün icazə 50 min manat olub. Son 3 il ərzində 100-dən artıq belə obyekt açılıb. Bundan başqa, fərdi ev tikintilərinə məcburi 5 min manat, sənədsiz torpaqlarda tikilən evlər üçünsə 10 min manat alınır. Öz qohum-əqrəbaları, dost tanışları üçünsə xüsusi imtiyazlar var.
Maraqlı iddialardan biri də Rəşad Əhmədalıyevin icra hakimiyyətinin xidməti maşınının qeydiyyat nömrəsini qanunsuz dəyişməsi ilə əlaqədardır. “Volkswagen Passat” markalı avtomobilə məxsus olan 50 AA-007 nömrə nişanını özünə məxsus olan, 2024-cü ildə aldığı şəxsi avtomobili olan “Toyota Camry” markalı maşınına bağlayıb.
Şəhər sakinləri və sahibkarlar iddia edirlər ki, uzun müddət passiv qalan icra strukturları qəfil hücuma keçərək mövcud ticarət obyektlərinə qarşı sərt addımlar atır. Reyd və müsadirələr ictimaiyyətin narazılığına səbəb olub və hüquqi nöqsanlar barədə suallar doğurur.
Maraqlıdır ki, “alma davası” əslində şəhərdə sahibkarlığa qarşı ciddi təzyiqlər və vəzifə səlahiyyətlərinin sui-istifadə hallarını ortaya çıxarıb.
Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə keçirilən reyddə baş verən narazılıqla əlaqədar iclas keçirib. O, İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun məsləhətçisi Samir Bədəlovu danlayıb və xəbərdarlıq edib. Samir Bədəlov isə reyd zamanı anlaşılmazlıq yarandığını bildirib, bir də belə hallara yol verməyəcəyini deyib.
Xatırladaq ki, “TV1” kanalının “Sualım var” verilişində mövzu ilə bağlı ortaya çıxan suallarla əlaqədar geniş müzakirə aparılıb.
Verilişi təqdim edirik:








