Sumqayıtda WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib

media-ads_728_90

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə Sumqayıt Dövlət Universitetində (SDU) müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.

“TV1” xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, müəllim-tələbə heyəti, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forumun məqsədi, əsas prioritetləri və beynəlxalq əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib. O bildirib ki, WUF13 dünyanın müxtəlif ölkələrindən şəhərsalma, memarlıq və davamlı inkişaf sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu şəhərsalmanın məşğulluq, nəqliyyat əlçatanlığı və insanların imkanlara çıxışı baxımından mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, düzgün şəhər planlaşdırılması sosial rifahın yüksəldilməsi və dayanıqlı inkişaf üçün əsas amillərdən biridir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov isə çıxışında şəhərin keçdiyi inkişaf yolundan bəhs edib. O, şəhərdə son illərdə həyata keçirilən abadlıq, yenidənqurma və memarlıq layihələri haqqında məlumat verərək bu istiqamətdə görülən işlərin şəhərin müasir simasının formalaşmasına töhfə verdiyini diqqətə çatdırıb.

Sessiyada forumun proqramının artıq ictimaiyyətə təqdim olunduğu bildirilib. Qeyd olunub ki, tədbirə qatılmaq istəyənlər forumda həm əyani, həm də onlayn şəkildə iştirak edə bilərlər. Forum çərçivəsində təşkil olunacaq panel müzakirələri, sərgilər və digər tədbirlər barədə ətraflı məlumatın WUF13 rəsmi saytından əldə olunmasının mümkünlüyü vurğulanıb.

Tədbir axşam saatlarında açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.

media-ads_728_90
Paylaş