Suriya ABŞ şirkətləri ilə qaz yataqlarının işlənməsi sahəsində müqavilə imzalayıb

media-ads_728_90

Suriyanın Neft Şirkəti ABŞ-nin “ConocoPhillips” və “Novatera” şirkətləri ilə müqavilə imzalayıb. Sənəd ölkədə bir sıra qaz yataqlarının işlənməsi və mövcud yataqlarda hasilatın artırılmasını nəzərdə tutur.

“TV1” xəbər verir ki, Suriyanın Energetika Nazirliyi layihənin enerji sisteminin gücləndirilməsinə, elektrik enerjisi sektorunun və digər mühüm sahələrin qaz təchizatının yaxşılaşdırılmasına xidmət edəcəyini bildirib.

Qeyd olunub ki, müqavilənin imzalanması tərəflər arasında daha əvvəl əldə olunmuş anlaşma memorandumundan sonra aparılan texniki, hüquqi və kommersiya danışıqlarının nəticəsidir. Danışıqlar çərçivəsində layihənin icrası üçün zəruri araşdırmalar hazırlanıb, icra mexanizmləri müəyyənləşdirilib və müqavilənin əsas şərtləri razılaşdırılıb.

Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir özünün sosial media hesabında paylaşdığı məlumatda qeyd edib ki, yeddi ay əvvəl imzalanmış ilkin razılaşma bu gün rəsmi müqavilə mərhələsinə keçib. Onun sözlərinə görə, layihə ölkənin qaz hasilatının artırılmasına, enerji sisteminin dayanıqlığının möhkəmləndirilməsinə və elektrik stansiyalarının qazla təminatının yaxşılaşdırılmasına töhfə verəcək.

media-ads_728_90
Paylaş