Texniki insident nəticəsində insan itkisi olmayıb - RƏSMİ
Bakı metrosunda baş verən texniki insident nəticəsində hər hansı insan itkisi olmayıb.
“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
“Sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi Bakı Metropoliteni üçün prioritet vəzifə olduğu üçün Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq dərhal müvafiq tədbirlər görülüb”, – deyə B.Məmmədov əlavə edib.
O bildirib ki, ilk növbədə bütün stansiyalarda istisnasız olaraq sərnişin axınının və sərnişin hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq təlimatlar verilib, sərnişinlərimizin rahatlığı üçün onların müraciətlərinə diqqət edilməsinə xüsusi önəm verilib:
“Bundan əlavə olaraq, dərhal texniki araşdırmalara başlanılıb. İlkin verdiyim məlumat budur, amma bütün məsələlər texniki müstəvidə xüsusi qaydada araşdırılacaq, bütün versiyalar təhlil ediləcək. Bakı Metropoliteni üçün həmişə olduğu kimi, bugün də texniki məsələlərin tam şəffaf və açıq şəkildə ictimaiyyətə bildirilməsi prioritet vəzifə olaraq qalacaq”.
Qeyd edək ki, bu gün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Bakı Metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb.








