Trampın Qəzza planı üzrə "Yol xəritəsi" dərc olunub
Qəzza üzrə Sülh Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında Hərtərəfli sülh planının həyata keçirilməsinin başa çatdırılması üzrə “Yol xəritəsi”ni dərc edib.
“TV1” xəbər verir ki, bu barədə Şuranın “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
“Yol xəritəsi” hərbi əməliyyatların mərhələli şəkildə dayandırılmasını, zolağın mülki idarəçiliyinin Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitəyə (NCAG) verilməsini və İsrail qüvvələrinin tədricən çıxarılmasını nəzərdə tutur. Yol xəritəsinin icrası beynəlxalq nəzarət altında həyata keçiriləcək.
Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Sənəd “bir hakimiyyət, bir qanun, bir silah” prinsipinin tətbiqini, polis əməkdaşlarının müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılmasını, polis silahlarının Qəzzanın İdarə Edilməsi üzrə Milli Komitənin nəzarətinə verilməsini, habelə ağır silahların, silah anbarlarının, hərbi istehsal obyektlərinin və tunellərin tədricən istismardan çıxarılmasını nəzərdə tutur. Silahlı birləşmələrin silahları istifadədən çıxarılmalı və NCAG-nin nəzarəti altında saxlanılmalıdır.
Həmin birləşmələrin üzvləri Fələstin təhlükəsizlik qüvvələri və polisinin tərkibinə daxil ola bilməyəcəklər.
Həmçinin müvəqqəti Beynəlxalq Sabitlik Qüvvələrinin (ISF) yerləşdirilməsi nəzərdə tutulur. ISF atəşkəs rejiminə riayət olunmasına nəzarət etməli, Fələstin polisinin hazırlığına dəstək verməli, humanitar yardımın çatdırılmasını təmin etməlidir. Bununla yanaşı, ISF Fələstin əhalisinə qarşı polis funksiyalarını icra etməyəcək.
Ayrıca bir blok mülki idarəetməyə həsr olunub. NCAG dövlət qurumlarının fəaliyyətinin və xidmətlərin göstərilməsinin fasiləsizliyini təmin etməli, sektorda maliyyə və inzibati fəaliyyətin auditini aparmalı və təchizatçılar, eləcə də podratçılar qarşısında dəyəri 400 milyon dollara qədər olan əsaslandırılmış öhdəlikləri tənzimləməlidir. Bu zaman dövlət qulluqçularının hüquqları Fələstin qanunvericiliyinə uyğun olaraq qorunmalıdır.
“Yol xəritəsi” həmçinin daxili zorakılığa son qoyulmasına, repressiyaların, güc nümayişlərinin və silahlı aksiyaların qarşısının alınmasına yönəlmiş razılaşmanın əldə olunmasını nəzərdə tutur.
Sənədin yekun hissəsi Qəzza zolağının bərpasını nəzərdə tutur. Yenidənqurma və onun maliyyələşdirilməsi Sülh Şurası (BoP) və NCAG-nin hazırladığı və nəzarət etdiyi plan və qrafik əsasında həyata keçirilməlidir.








