Türkiyə Prezidentindən Zəngəzur açıqlaması - Fikir ayrılığı yoxdur
“İnanıram ki, Cənubi Qafqaz həsrətini çəkdiyi sülhə qovuşacaq. Prezident İlham Əliyevlə keçirdiyim ikitərəfli görüşdə də həmin ümidi gördüm”.
“TV1” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çin səfərindən qayıdan zaman jurnalistlərə verdiyi açıqlamada deyib.
“Ağ Evdəki imzalar, təbii ki, Ermənistan–Azərbaycan normallaşma prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan sülh yolunda maneələri əhəmiyyətli dərəcədə aradan qaldıraraq son nöqtəyə qədər gəliblər”, – deyə o bildirib.
Türkiyə lideri Zəngəzur dəhlizindən də söz açıb:
“Azərbaycan Prezidenti İlham Əliyevlə, ardınca isə Ermənistanın Baş naziri Nikol Paşinyanla geniş müzakirələr apardıq. Həm Əliyevin, həm də Paşinyanın eyni mövqedə olduqlarını gördüm. Onlar eyni istiqamətə baxırlar. Zəngəzur dəhlizi məsələsində də problem və ya fikir ayrılığı yoxdur. İlham Əliyev bu məsələdə daha da qətiyyətlidir. Xüsusilə ABŞ səfərindəki o görüş, o təmas onların atacaqları addımlarda, demək olar ki, həlledici rol oynayıb”, – deyə o vurğulayıb.