Abdulkadir Uraloğlu: Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib - YENİLƏNİB
Qara dənizdə “ALTURA” neft tankerinə dron hücumu qəsdən törədilib.
“TV1” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir”, – deyə o qeyd edib.
Nazir bildirib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir.
A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:
“Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək”.
xxxx
Türkiyəyə məxsus “ALTURA” adlı xam neft tankeri Qara Dənizdə dronla vurulub.
“TV1” xəbər verir ki, Rusiyadan yola çıxan və 140 min ton xam neft daşıyan tanker gəmi İstanbul Boğazından təxminən 15 mil uzaqlıqda, Qara dənizdə dron hücumuna məruz qalıb.
Hadisə zamanı güclü partlayış baş verib. Gəminin göyərtəsində və körpü hissəsində zədələnmə qeydə alınıb. Həmçinin ciddi fəsadlar nəticəsində gəmiyə su dolduğu bildirilib.
Gəmidəki 27 nəfərdən ibarət türk heyətinin vəziyyətinin yaxşı olduğu qeyd olunub.









