Vaşinqtonun BMT qarşısında borcu 4 milyard ABŞ dollarını ötüb
BMT ABŞ və Çinin ödəniş gecikmələri səbəbindən yay sonuna qədər maliyyə böhranı ilə üzləşə bilər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) iki ən böyük donorunun ödənişləri gecikdirməsi səbəbindən ciddi maliyyə çətinliyi yaşayır.
“TV1” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Qeyd edilib ki, ABŞ və Çin əvvəllər birlikdə BMT-nin əsas büdcəsinin təxminən 40 faizini təmin edirdilər. Lakin hazırda hər iki ölkənin ödənişlərlə bağlı gecikmələri təşkilatın maliyyə vəziyyətini kritik həddə çatdırıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası BMT-yə üzvlük haqlarını ödəməyib və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daxil olmaqla onlarla proqram və agentlikdən çıxıb. Hazırda Vaşinqtonun BMT qarşısında borcu 4 milyard ABŞ dollarını ötüb.
Donald Tramp dəfələrlə BMT-ni tənqid edib. Onun bəzi tərəfdarları isə Trampın təşəbbüs göstərdiyi strukturları təşkilata alternativ yaratmaq cəhdi kimi qiymətləndiriblər.
Məqalədə bildirilir ki, Çin də ödənişləri siyasi təsir aləti kimi istifadə edir və vəsaitlərin köçürülməsini qəsdən ləngidir. Pekinin BMT qarşısında borcu hazırda 455 milyon dollar təşkil edir.
BMT rəhbərliyi mövcud vəziyyətin təşkilatı maliyyə iflasına aparan yol olduğunu düşünür. Təşkilatın Baş katibi Antonio Quterreş maliyyə böhranı təhlükəsinin real olduğunu bildirib və bunun yaxın aylarda baş verə biləcəyini vurğulayıb.
Hesablamalara əsasən, BMT-nin sərəncamındakı vəsaitləri avqust ayının ortalarınadək tükənə bilər.








