WUF13-lə əlaqədar BDU-da məlumatlandırma sessiyası keçirilib

media-ads_728_90

Bakı Dövlət Universitetində (BDU) Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar məlumatlandırma sessiyası keçirilib.

“TV1” xəbər verir ki, sessiyada universitetin tələbə və müəllim heyəti iştirak edib.

Tədbirdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, Azərbaycan son illərdə bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib və Bakıda keçiriləcək WUF13 da belə mühüm tədbirlərdən biridir. Prorektor qeyd edib ki, BDU tələbələri artıq forum çərçivəsində müxtəlif maarifləndirici layihələrə qoşulurlar. O vurğulayıb ki, Azərbaycan zəngin şəhərsalma ənənələrinə malikdir və Bakı bu gün memarlıq baxımından dünyanın diqqətçəkən şəhərlərindən biridir.

Prorektor Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda təşkilinin ölkə üçün mühüm hadisə olduğunu vurğulayıb, WUF13 ilə əlaqədar sessiyanın BDU-da keçirilməsindən məmnunluğunu ifadə edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Həsənov bildirib ki, Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr və qabaqcıl təcrübələr beynəlxalq platformalarda maraqla qarşılanır. Bakının mayın 17-22-də WUF13-ə ev sahibliyi etməsi bu nailiyyətlərin göstəricisidir. BMT-nin UN-Habitat proqramı tərəfindən təşkil olunan forum şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu platformalarından hesab edilir və builki tədbirdə iştirakçı sayının daha da artacağı gözlənilir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Ümumdünya Şəhərsalma Forumunun 2001-ci ildə təsis edildiyini və BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiri olduğunu diqqətə çatdırıb. O bildirib ki, forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda WUF13 Festivalı təşkil olunub.

media-ads_728_90
Paylaş