Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək
Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru, “Şöhrət” ordenli Tofiq İbrahim oğlu Mirzəyev 94 yaşında vəfat edib. Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib.
“TV1” xəbər verir ki, bu barədə İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.
O qeyd edib ki, Xalq artisti 2 ay əvvəl insult səbəbilə sözügedən xəstəxanaya yerləşdirilib: “Tofiq Mirzəyevin səhhəti bir müddət əvvəl yaxşılaşsa da, son günlər yenidən halı pisləşdi. Özü sağlığında dəfələlərlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, bu gün İsrailin Araj şəhərindəki qəbiristanlıqda dəfn olunması planlaşdırılır”.
Xatırladaq ki, Tofiq Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda tarixçi anadan olub. 1976-cı ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adına layiq görülən sənətçi Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. O, 2022-ci il iyunun 14-də Azərbaycan Respublikasının Xalq artisti fəxri adına və həmin tarixdə “Şöhrət” ordeninə layiq görülüb. Tofiq Mirzəyev “Nəsimi”, “Üzeyir ömrü”, “O qızı tapın”, “Onun bəlalı sevgisi”, “Uşaqlığın son gecəsi”, “İstintaq” kimi filmlərdə rol alıb.
Ömrünü incəsənətə həsr edən tanınmış bakılı musiqiçi Moskva Filarmoniya Məktəbində klarnet ixtisası üzrə, daha sonra isə Bakı Konservatoriyasında təhsil alıb. O, Niyazinin rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestrində fəaliyyət göstərib. Caz ifaçısı kimi Vaqif Mustafazadə, Pərviz Rüstəmbəyov, Tofiq Şabanovla əməkdaşlıq edib, “Qaya” vokal-instrumental ansamblı və Müslüm Maqomayevlə birlikdə çalışıb.
Moskva Televiziyasında rejissorluq kurslarını bitirdikdən sonra AzTV-də Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev, Rəşid Behbudov, Fidan və Xuraman Qasımova bacıları haqqında musiqili proqramlar hazırlayıb. O, həmçinin “Abşeron nəğmələri”, “Nizami simfoniyası” və “Xalqın müğənnisi” adlı filmlərin müəllifi və rejissoru olub.
Allah rəhmət eləsin!








