Xəzərin su səthinin sahəsi azalır - Alimlər xəbərdarlıq edir
Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun araşdırmasına görə, son 30 ilə yaxın müddətdə Xəzər dənizinin səthində ciddi azalma qeydə alınıb. Tədqiqatın nəticələri göstərir ki, 1996–2025-ci illər ərzində dənizin su səthinin sahəsi 7,4 faiz kiçilib. Bu isə təxminən 28,6 min kvadrat kilometr ərazinin su altında qalmaqdan çıxması deməkdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici ərazi baxımından Albaniyanın ümumi sahəsinə yaxındır.
Araşdırmada Xəzər dənizinin səviyyəsinin enmə sürətinin son illərdə kəskin artdığı da vurğulanır. Belə ki, 2005–2019-cu illərdə suyun səviyyəsi ildə orta hesabla 8,2 santimetr azalırdısa, 2020–2024-cü illərdə bu göstərici təxminən üç dəfə artaraq ildə 22,7 santimetrə çatıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, suyun geri çəkilməsi region üçün ciddi iqtisadi və ekoloji problemlər yaradır. Gəmiçilik marşrutları çətinləşir, limanların fəaliyyəti məhdudlaşır, sahil xətti isə yaşayış məntəqələrindən getdikcə uzaqlaşır. Bu proses həm balıqçılıq və dəniz nəqliyyatı, həm də sahilyanı infrastruktur üçün əlavə risklər formalaşdırır.








