Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb

media-ads_728_90

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyilə Xocalıya hücum edərək şəhəri yerlə-yeksan etdilər. Şəhərdə yaşayan soydaşlarımız erməni vəhşiliyinin qurbanı oldu.

“TV1” xəbər verir ki, Xocalı soyqırımı nəticəsində 5379 soydaşımız zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürüldü, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Xalqımız heç nəyi unutmur. Və artıq Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslərdən beşi Azərbaycanda cəzasını alıb.

Fevral ayının 5-də Bakı Hərbi Məhkəməsi Azərbaycana qarşı bir sıra cinayətlərin, o cümlədən müharibə qaydalarının aparılması, insanlıq əleyhinə cinayət, terrorçuluq və digər əməllərdə təqsirləndirilən Ermənistanın 15 vətəndaşını müxtəlif cəzalara məhkum edib. Onların arasında beş nəfərin ittihamında soyqırımı maddəsi də var.

Belə ki, məhkəmənin qərarı ilə məhkum edilən Arkadi Qukasyan, Bako Sahakyan, Madat Babayan, Davit İşxanyan və Arayik Harutyunyana qarşı irəli sürülmüş ittihamlar arasında Xocalı soyqırımı da var.Madat Babayan məhkəmədə Xocalı soyqırımında iştirak etdiyini etiraf edib.

O dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib:

“Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın”.

O, Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyan və Vanik Petrosyanın verdiyini qeyd edərək bildirib:

“Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.

Madat Babayan Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: “Səhv etmişik”.

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Arayik Harutyunyan, Davit İşxanyan ömürlük, digərləri isə yaşları 65-i keçdiyi üçün 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

media-ads_728_90
Paylaş