Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərində bərpa işləri davam etdirilir
İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri Xocavənd rayonunda plan üzrə davam etdirilir.
“TV1” xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva bildirib.
Rayonun Güneyxırman və Quzeyxırman kəndlərində fərdi yaşayış evlərinin, mühəndis-kommunikasiya infrastrukturunun və sosial təyinatlı obyektlərin bərpası mərhələli şəkildə həyata keçirilir.
O bildirib ki, Güneyxırman kəndində ümumilikdə 549 fərdi yaşayış evi mövcuddur. Bunlardan 379-u yaşayış üçün yararlı hesab olunur. Hazırda 50 ev tam hazır vəziyyətə gətirilib, cari ilin sonunadək isə daha 197 evin istismara verilməsi planlaşdırılır.
Qeyd olunub ki, kəndə ilk köç iyulun 8-də baş tutub. Həmin gün 18 ailədən ibarət 72 nəfərə bərpa olunmuş evlərinin açarları təqdim edilib.
Təranə Quliyeva bildirib ki, Quzeyxırman kəndində ümumilikdə 447 fərdi yaşayış evi mövcuddur. Onlardan 274-ü yaşayış üçün yararlıdır. Hazırda 100 ev tam istifadəyə hazırdır, ilin sonunadək isə əlavə 244 evin istismara verilməsi nəzərdə tutulur.
İyulun 8-də Quzeyxırman kəndinə də ilk köç həyata keçirilib. İlk mərhələdə 21 ailədən ibarət 87 nəfər uzun illərdən sonra doğma yurduna qayıdaraq yeni evlərində məskunlaşıb.
Hazırda hər iki kənddə yaşayış evləri ilə yanaşı, avtomobil yollarının, mühəndis-kommunikasiya şəbəkələrinin və digər sosial infrastruktur obyektlərinin tikintisi və bərpası planlaşdırılmış qrafikə uyğun davam etdirilir. Görülən işlər Böyük Qayıdış Proqramı çərçivəsində azad edilmiş ərazilərdə dayanıqlı yaşayışın təmin olunmasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsinə xidmət edir.
Xatırladaq ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub, Quzeyxırman və Güneyxırman kəndlərində görülən işlərlə tanış olub, hər iki kəndə qayıdan sakinlərlə görüşüb.








