Yaponiya Azərbaycandan neft alacaq - İLK DƏFƏ
Yaponiya Yaxın Şərqdə eskalasiya başlayandan bəri ilk dəfə Azərbaycan neftinin partiyasını alacaq.
“TV1” xəbər verir ki, “Reuters”in məlumatına görə, Azərbaycan nefti ilə tanker artıq çərşənbə axşamı Yokohama limanına çatmalıdır.
Bu, Hörmüz boğazı vasitəsilə tədarüklərdəki fasilələr fonunda baş verəcək.
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, yük Yaponiyanın Eneos şirkəti üçün nəzərdə tutulub.
Nazirliyin böhranın idarə edilməsi üzrə baş direktorun müavini Narumi Hosokava bildirib ki, bu, Yaxın Şərqdə münaqişə başlayandan bəri Azərbaycandan Yaponiyaya ilk neft tədarükdür.
Fevralın sonunda İrana qarşı Amerika-İsrail hərbi kampaniyası başlamazdan əvvəl Yaponiyanın neft idxalının təxminən 95%-i Yaxın Şərq ölkələrinin payına düşürdü. Lakin Hörmüz boğazından gəmiçiliyin bloklanmasından sonra Tokio alternativ tədarük mənbələri axtarmağa məcbur olub. Nəşr qeyd edib ki, Yaponiyanın neft emalı zavodları tarixən Yaxın Şərq neftinin emalına yönəlib, lakin ölkə artıq idxalı şaxələndirməyə başlayıb.
Qeyd edək ki, Azərbaycandan başqa, Yaponiya ABŞ-dən neft alışını artırıb, həmçinin sanksiya istisnası tətbiq olunan Rusiyanın “Saxalin-2” layihəsindən xammal idxal edib. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Yaponiya Rusiya neftinin idxalını faktiki olaraq dayandırıb və Moskvaya qarşı sanksiyalara qoşulub. Yaxın Şərqdən tədarük kəsirini kompensasiya etmək üçün Tokio həmçinin strateji neft ehtiyatlarından istifadə etməyə başlayıb.








