Zəngəzur dəhlizi dünyanın diqqət mərkəzində - FOTO/VİDEO

media-ads_728_90

Azərbycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin izi ilə…

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri olub. Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olublar. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr barədə də ətraflı məlumat əldə ediblər.

“TV1”-in çəkiliş qrupu da səfərdə iştirak edib.

“TV1” xəbər verir ki, səfərin ilk dayanacağı Cəbrayıl rayonunun Horovlu kəndi oldu.

Səfər iştirakçılarına Horovlu kəndində işğaldan azad ediləndən sonra aparılmış bərpa-quruculuq işləri və yaradılmış şərait barədə ətraflı məlumat verildi. Horovlu kəndində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva “TV1“-ə kənddə yaradılan infrasturkur barədə ətraflı məlumat verdi.

Səfər iştirakçıları sonra Cəbrayıl şəhərinə gəldilər. Burada yaradılan yeni infrastrukturla bağlı diplomatlara geniş məlumat verildi. Qarabağda yaşayan soydaşlarımız üçün yaradılan şəraitlə tanış olan qonaqlara şakinlərin hazırladıqları milli şirniyyatlar təqdim edildi. Burada sakinlərin istirahəti və idmanla məşğuliyyəti də diqqətdən kənarda qalmayıb. Cəbrayılda yeni iş yerləri və sosial xidmət sahələri geri qayıdan soydaşlarımızın məşğulluğu üçün böyük əhəmiyyət kəsb edir.

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç jurnalistlərə açıqlamasında işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri yüksək qiymətləndirdiyini bildirdi. 

Sonra diplomatik korpus münayəndələri Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsi yaxınlığında yerləşəcək Həkəri dəmir yolu stansiyası ilə tanış oldular. Səfər iştirakçıları burada dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmiş və gələcəkdə görüləcək işlər barədə məlumatlandırıldı.

Strateji əhəmiyyət kəsb edən və orta dəhlizin əsas seqmentlərindən olan Zəngəzur dəhlizinin yaxın dövrdə işə salınması beynəlxalq miqyasda səbirsizliklə gözlənilir. “TRASECA”-nın baş katibi Aset Asavbayev də öz növbəsində bu məqama xüsusi diqqət yetirdi.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov isə “TV1”-ə açıqlamasında Qarabağda aparılan yenidənqurma və bərpa işlərinə heyran olduğunu dilə gətirərək, bu fədakar əməyi  yüksək qiymətləndirdiyini qeyd etdi.

Növbəti tanışlıq məntəqəsi isə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun inşasının aparıldığı ərazi oldu. Zəngəzur dəhlizinin tunel və körpü layihələri yekun mərhələdədir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müşaviri Tural Abbaslı isə diplomatik korpus nümayəndələrini məlumatlandırarkən qeyd etdi ki, tuneldə gündə təxminən 2–3 metr qazıntı aparılır. Qazıntıdan dərhal sonra xüsusi boltlar, məftil və beton vasitəsilə divarlar möhkəmləndirilir. Tunelin ümumi uzunluğu 677 metrdir.

Daha sonra diplomatik korpus nümayəndələri üçün Zəngilan şəhərindəki Konqres Mərkəzində “Zəngəzur dəhlizi – regional nəqliyyat şəbəkəsi” mövzusunda brifinq keçirilib. Brifinqi giriş sözü ilə açan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan və Azərbaycan arasında paraflanmış sülh müqaviləsi və regionun iqtisadi perspektivləri barədə Zəngəzur dəhlizinin Cənubi Qafqazda əməkdaşlığa verə biləcəyi perspektivlərdən bəhs edib. Brifinqdə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov  və “Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov çıxış etdiblər. Zəngəzur dəhlizinin güclü beynəlxalq tərəfdaşlığa təkan verəcəyi və Şərq-Qərq qərb arasında logistik marşrutlar üçün böyük imkanlar açacağı bildirilib. Qonaqlara göstərilən təqdimatda yeni qurulan və mövcud infrastruktur, həmçinin dəmir yolu nəqliyyatının modernləşdirilməsinin ölkənin inkişafının əsas amilləri olduğu bildirilib. Qeyd edilib ki, multimodal daşımalar sahəsində Azəraycanın əsaslı payı var və statistik rəqəmlər daha da arta bilər. Bu isə Azərbaycanın əsas nəqliyyat mərkəzinə çevrildiyini göstərir. Təqdimat zamanı nəqliyyat və dəniz infrastrukturuna xüsusi diqqət yetirilib. Vurğulanıb ki, bu gün ölkənin dəmir yolu ilə yükdaşımalarının həcmi artıb və Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir. Tədbirin sonunda  tarixçi, jurnalist, publisist Musa Mərcanlı – “Azərbaycan – yeni era” kitabını təqdim edib.

Qonaqlar Zəngilan şəhərində yeni salınan Yaşayış Kompleksi ilə də tanış olublar. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara yeni infrastruktur barədə ətraflı məlumat verib.

Səfərin sonunda isə iştirakçılar Zəngilan Məscidi ilə də tanış olublar. Diplomatlara məlumat verilib ki, yeni məscidin binası düzbucaqlı plan quruluşlu, iki minarəli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərin yekunları ilə bağlı “TV1”-ə açıqlama verib.

Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan “Böyük Qayıdış” Proqramı çərçivəsində icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi bu gün dünyanın diqqət mərkəzindədir. Beynəlxalq əhəmiyyətə malik olan, respublikamız tərəfindən sürətlə reallaşdırılan dəmir və avtomobil yolları ilə yerində tanışlıq şübhəsiz ki, diplomatlar üçün gözəl bir fürsət idi. Bu fürsətin düzgün qiymətləndirilməsi isə digər dövlətlərin Cənubi Qafqaz regionuna diqqətinin artırılması və regionumuzda dayanıqlı sülhün təmin olunmasına dəstək olacaq. Odur ki, regionun lider dövləti olan Azərbaycanın uğurları qarşılıqlı maraqlara xidmət edir. Bununla isə yerindəcə tanış olmaq gərəkdir. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək daha yaxşıdır!

Mətanət Əliyeva, Sahib Səfərov

Cəbrayıl – Zəngilan – 31.10.2025

Daha ətraflı süjetdə tanış ola bilərsiniz: 

media-ads_728_90
Paylaş