2025-ci ilin birinci yarısının yekunları- BP

media-ads_728_90

Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS
(9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş
(2,92%).
“TV1” xəbər verir ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP
Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2025-ci ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 259 milyon dollar
əməliyyat məsrəfləri və 558 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla
seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik
məlumatların emalı bu ilin birinci yarısında tamamlanmış və ikinci il üçün
məlumat toplanması işləri iyun ayında başlanmışdır.
Hasilat
2025-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə
davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000),
Mərkəzi Azəri (86 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (42 000), Dərinsulu
Günəşli (54 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından
birlikdə – gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59
milyon barel, yəni 8 milyon ton olub.

Fevralın 18-i AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə
olumasının 20 illiyini qeyd etdi. İndiyədək bu platformadan ümumilikdə 1,1
milyard barrel (154 milyon ton) neft hasil edilib.
İkinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra Çıraq
platformasından laylara su vurulması prosesini uğurla bərpa etmişdir. Bunun
üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilmişdir: suvurma
nasosları yenidən layihələndirilmiş və modifikasiya olunmuş, idarəetmə sistemi
yenidən qurulmuş, həmçinin yeni bir su injektor quyusu qazılmışdır. Bu quyu
Çıraq platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan,
mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə
qazılmışdır.
Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk
qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınmışdır.
İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor
quyusu və 10 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci yarısında AÇG-də 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu
qazılıb tamamlanmışdır.

Səmt qazı
2025-ci ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal
terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla
8 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil
verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə
yenidən kollektora vurulmuşdur.

Sərbəst qaz
AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı,
qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20
sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə
(HPBS) yeni bir əlavə imzalandı.
AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə – 4 trilyon kub
futadək olduğu düşünülür.
2025-ci iin birinci yarısında iki prioritet STQ layını hədəfləyən ilkin quyu qazılıb və
tamamlanıb. Quyu mövcud Qərbi Çıraq platformasından qazılıb. Bu quyu

olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da
imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq
mümkün olacaq.
Hazırda həmin quyudan ilk qaz hasilatının əldə olunması istiqamətində bütün
lazımi sualtı birləşdirmə işləri davam edir.

Səngəçal terminalı
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru
kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft
və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir.
Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik
təqribən 100 milyon standart kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft və kondensat ixrac
etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG)
sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və
terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən
Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon
standart kubmetr (təxminən 2 milyard 616 milyon standart kubfut) Şahdəniz qazı
göndərilmişdir.
Terminalda emissiyaların azaldılmasına doğru
İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal terminalının
elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində
olan bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik
şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm
daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-
luq elektrik yarımstansiyası inşa ediləcək.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik
stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji
ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu
mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu
Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə
elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək.
Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə

Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından
yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən
istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj
olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca
yönəldilməsinə imkan verəcək.
STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata
keçiriləcək və idarə olunacaq. Layihə üzrə tikinti işləri artıq başlanıb və bu işlərin
iki mərhələdə başa çatacağı nəzərdə tutulur – 1-ci mərhələ 2027-ci ilin
ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.

Bakı-Tbilisi-Ceyhan (BTC)
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp
(30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%),
TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil
(2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
2025-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 60 milyon
dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara
veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə
ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql
edilmiş və Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən
106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə
yüklənmiş və yola salınmışdır.

Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL
(19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM
(5,00%).
2025-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 282
milyon dollar əməliyyat xərcləri və təxminən 472 milyon dollar əsaslı xərclər
çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan Şahdəniz
Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi sənədi üzrə ictimaiyyətlə məsləhətləşmələrin müddəti aprel
ayında bitmiş və sənədin yekun versiyası may ayında hökumət tərəfindən
təsdiqlənmişdir.
Bunun ardınca, iyunun 3-də Şahdəniz konsorsiumu ŞDK layihəsi üçün yekun
investisiya qərarını elan etmişdir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı
təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və
beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin
yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın
əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz
kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası
nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir
sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB)
platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində
aparılacaq bir sıra işləri də əhatə edir.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-
cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə
isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün
qəbul etməyə hazır olacağı planlaşdırılır.

Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan
(GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər
üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo
platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən
2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon
(ildə təqribən 28,2 milyard) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi
2025-cü ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub
cinahından beşinci quyu işə salınmışdır və qalan quyularda sualtı işlər üzrə
fəaliyyətlər davam etmişdir.

Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG
sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi
işlərə dəstək verməyə davam etmişdir. Regionda tətbiq edilən vahid gəmi
strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma,
müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün
əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının
daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi
olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil
verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin
etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması
müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.

Qazma əməliyyatları
İlin ilk altı ayında Şahdəniz Alfa platformasının qazma qurğusu yenidən
aktivləşdirilmə rejimində olub.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində
quyular üzrə işləri davam etdirib.
Ikinci rüb ərzində İstiqlal qazma qurğusu qərb-cənub cinahında SDF04
quyusunda işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal
cinahında SDH04 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal
cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu,
qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır:
bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO
(19,00%), NİKO (10,00%).
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 36 milyon dollar, əsaslı
xərclər isə təxminən 12 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan,
Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə
çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında
başlayıb.

İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4
milyon kubmetr olmuşdur.

Digər layihələr

Şəfəq-Asiman
Şəfəq-Asiman dəniz blokunda TPAO-nun qoşulması ilə layihəni irəli aparacaq ən
uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı
qiymətləndirilməsi sürətləndiriləcək. Bu məqsədlə Aşağı Suraxanı layına bir
quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata
keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün həmçinin HPBS-nin kəşfiyyat
dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.
"Qarabağ" və ADUA
İkinci rübdə bp həmçinin “Qarabağ” neft yatağının işlənməsi üzrə mövcud Risk
Xidməti Sazişinə (RXS) və Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsinə aid
hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşuldu. bp bu iki sazişin – RXS və HPBS,
hər birində SOCAR-dan 35%-lik iştirak payı alıb. bp həmçinin hər iki müqavilə
üzrə operator olacaq. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli
şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını
müəyyənləşdirmək istiqamətində bp-nin SOCAR-la əməkdaşlığında yeni
perspektivlər açır.

İşçi heyətimiz
2025-ci ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan
vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən
işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir.
İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli
kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl
sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi
üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır.

Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri
həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda
bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması,
icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın
təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və
idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2025-ci ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki
tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,7
milyon dollar vəsait xərcləmişlər. İlk altı ay ərzində bu layihələrə hazırda davam
edən 17 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın
inkişafını dəstəkləyən 1 layihə daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq
etdiyi layihələrə ilin birinci yarısında təxminən 0,4 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını
və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və
müxtəlif mövzularda 7 konfrans və seminara dəstək, yəni ümumilikdə 32 layihə
daxildir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək
üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

media-ads_728_90
Paylaş