Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub
Amerika Birləşmiş Ştatlarında Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi bəlli olub. Həmin şəxsin 21 yaşlı Nasire Best olduğu bildirilir.
“TV1” xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Silahlı şəxs əraziyə tapança ilə yaxınlaşıb və 3 dəfə atəş açıb. Bundan sonra Məxfi Xidmətin əməkdaşları cavab atəşi açaraq, silahlını zərərsizləşdiriblər. O, hadisə zamanı ağır yaralanıb və xəstəxanada həyatını itirib.
Hadisə zamanı 1 mülki şəxsin xəsarət aldığı bildirilir.
Federal Təhqiqatlar Bürosunun əməkdaşları hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın hadisə baş verdiyi vaxt Ağ Evdə olduğu bildirilir.
Hadisənin detalları hələlik məlum deyil.








