Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb – YENİLƏNİB
2005-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 10-u saat 21:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“TV1” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, sol diz oynağının əzilməsi, sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
xxx
İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Tərtər rayon sakini 2005-ci il təvəllüdlü Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Rüstəmzadə Sərxan yüngül xəsarət alıb.
Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.








