“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı - Təhlükəsizlik, iqtisadi sabitlik, əməkdaşlığı gücləndirmək/FOTO
Kopenhagendə bu gün “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib.
“Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə Avropa İttifaqı daxilində, eləcə də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Məqsəd ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Toplantılarda Avropadakı ümumi təhlükəsizlik vəziyyəti, Rusiya-Ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və Hibrit təhlükələr kimi mövzular müzakirə olunur.
“Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısındakı gündəmə gətirilən məsələlərin müzakirəsinə toxunmadan öncə qeyd etməyi vacib hesab edirik ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Kopenhagendə beynəlxalq təşkilatların rəhbərləri və bir sıra ölkələrin dövlət başçıları ilə mühüm görüşlər keçirib. Görüşlərdə strateji tərəfdaşlıq münasibətləri, ölkələr arasındakı siyasi əlaqələr, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Təhlükəsizliyin təmin olunması “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının gündəliyində duran əsas məsələdir.
Kopenhagendə keçirilən danışıqlarda Ukraynaya dəstək, Avropanın təhlükəsizlik mənzərəsi ilə bağlı müzakirələr aparılır. Geniş müzakirələrdə iqtisadi təhlükəsizlik, narkotik ticarəti və miqrasiya mövzularına da toxunulur. Dəvət olunan 47 ölkədən siyasətçilər arasında Böyük Britaniya, Azərbaycan, Ukrayna, Moldova, İsveçrə və Gürcüstan kimi NATO blokundan kənar dövlətlərin liderlərilə yanaşı, Aİ-nin bütün dövlət və hökumət başçıları da var. Bundan başqa, NATO-nun Baş katibi Mark Rütte və digər əsas institusional şəxslər də müzakirələrə qatılıblar.
Birgə mətbuat konfransında çıxış edən Avropa Şurasının sədri Antonio Koşta bu blokun 23-24 oktyabr tarixlərində keçiriləcək növbəti sammitini “qərar günü” kimi qiymətləndirib. O qeyd edib: “İki həftə ərzində Avropa Komissiyası 2030-cu ilə qədər müdafiə hazırlığına dair yol xəritəsini təqdim edəcək və Avropa Şurası üç həftə sonra yenidən görüşəcək və bu qərarı verəcək”.
Bugünkü Zirvə toplantısında əsas təkliflərə Aİ-nin şərq sərhədi boyunca “dron divarı” və kollektiv müdafiəni gücləndirmək üçün yeni mexanizmlər daxildir. Digər başlıca məsələ Ukraynaya dəstəkdir. Avropa Komissiyası Kiyevə 140 milyard avro (164 milyard dollar) “təzminat krediti” kimi sanksiyaya məruz qalmış Rusiya aktivlərinin açılmasını təklif edib. Plana görə, Ukraynaya faizsiz kredit veriləcək və münaqişədən sonra qaytarılacaq.
NATO-nun Baş katibi Mark Rütte çıxışında həm Aİ-nin yeni maliyyə alətlərini, həm də Ukraynanın öz silah sənayesinin sürətli inkişafını vurğulayaraq Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün Avropa Komissiyası ilə daha sıx əməkdaşlığa çağırıb. O, Brüsselin üzv dövlətlərə müdafiə xərclərini artırmaq üçün hökumətlərə daha çox səlahiyyət verilməsi təklifini səsləndirib. Alyansın rəhbəri bildirib: “Ukraynaya verilən dəstək vacibdir. Üç il əvvəl bu ölkənin müdafiə sənayesi sıfıra bərabər idi. İndi onlar ağlınıza gələ biləcək ən müasir, ən dahiyanə müdafiə sənayesinə sahibdirlər. Pilotsuz uçuş aparatlarının istehsalı dünya miqyasında ən ucuz, ən sürətli və ən ağıllı şəkildə həyata keçirilir”.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin (ASB) Zirvə toplantısında iştirak Azərbaycan üçün vacibdir. Çünki ASB bu gün Avropanın digər beynəlxalq təşkilatları ilə müqayisədə – (Avropa İttifaqı, Avropa Parlamenti – red.) prosesləri müsbət istiqamətdə dəyişdrimək üçün əla bir fürsətdir. Bu təşəbbüsün ilk öncə Avropanın fundamental təhlükəsizlik məsələlərini müzakirə etmək və konsensus formalaşdırmaq məqsədlərini güddüyü üçün bu gün Rəsmi Bakı Zirvə toplantısında özünü vacib iştirakçı kimi göstərir. Həm bürokratik neytrallıqdan, həm də Avropa Parlamentinin ideoloji qərəzindən azad olan bu platformada strateji əhəmiyyətli məsələlər səmimi və obyektiv şəkildə müzakirə olunur. Aİ-nin bir çox ölkələri ilə (əsasən bəzi Mərkəzi və Şərqi Avropa ölkələri və İtaliya) Azərbaycanın maraqları üst-üstə düşür. ASB kimi platformalarda hazırda ortaq mövqelər taparaq siyasi əməkdaşlığı gücləndirmək imkanları var. Vurğulamaq yerinə düşər ki, respublikamız Cənubi Avropanın bir sıra ölkələri üçün əsas enerji təminatçısına çevrilməkdədir. Enerji dayanıqlığı isə müasir dövrdə təhlükəsizliyin əsas komponentlərindən biri kimi qəbul edilir.
Bir necə kəlmə də Zirvə toplantısının təhlükəsizliyi ilə bağlı qeyd etmək istərdim. Qeyd edək ki, Danimarka və digər Aİ ölkələri Kopenhagenin dronlara qarşı müdafiəsini gücləndirir. Oktyabrın 2-də 47 üzvlü Avropa Siyasi Birliyi Kopenhagendə toplanıb. Bu baxımdan İsveç Kopenhagenin təhlükəsizliyini təmin etmək üçün qonşu ölkəsini radarlar və əks-dron sistemləri ilə təmin edir. İsveçin baş naziri Ulf Kristersson Platform X-də yazıb ki, “az sayda” radar sistemləri artıq göndərilib. “Kontingent artıq öz missiyalarını yerinə yetirməyə hazırdır”, – deyə Fransa Müdafiə Nazirliyi bildirib. Ümumi təhlükəsizliyə Almaniya da müəyyən dəstək verəcəyini vəd edib. Bu arada Avropanın böyük ordularından birinə sahib olan Almaniya ordusunda 180.000 hərbçinin yalnız yarısının döyüş hissələrində xidmət etdiyi haqda məlumat yayılıb. Ümumilikdə orduda həddən artıq çox idarəçi və çox az əsgər var. Demək olar ki, hər üç əsgərə bir zabit düşür.
Qərb dövlətlərinin özlərinin müdafiə konsepsiyalarını yeniləməklə məşğul olduqları bir vaxtda “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı mühüm qərarlarla yekunlaşa bilər.
Müstəqil, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın təkcə regionda deyil, beynəlxalq arenada da nüfuzu artır. Ölkəmiz regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini gücləndirir, müstəqil maraqlardan çıxış edərək beynəlxalq aləmdə baş verən proseslərə, qlobal təhlükəsizliyə təhdid yaradan halların aradan qaldırılmasına öz töhfələrini verir.
“TV1” Analitik Qrupu