Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir

media-ads_728_90

2026-cı ilin birinci yarısında Azərbaycan İtaliyaya 3,74 milyon ton neft tədarük edərək, bu ölkə bazarının ən iri xammal təchizatçıları arasında ikinci yeri qoruyub.

“TV1” xəbər verir ki, bu barədə İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Məlumata görə,  Azərbaycanın neft tədarükünün həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz azalıb.

Qeyd olunan dövrdə “Azeri Blend” neftinin idxalı 23,8 faiz artaraq 1,66 milyon ton, “Azeri Light” neftinin tədarükü isə 44,3 faiz azalaraq 2,07 milyon ton təşkil edib.

Ümumilikdə, yanvar-iyun aylarında İtaliya 28,77 milyon ton neft idxal edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 1,8 faiz çoxdur. Azərbaycanın ümumi idxalda payı təxminən 13 faiz təşkil edib.

İtaliyanın ən böyük neft tədarükçüsü 7,39 milyon ton göstərici ilə Liviya olub. Sonrakı yerlərdə Azərbaycan, Qazaxıstan – 3,61 milyon ton, ABŞ – 3 milyon tondan çox və Səudiyyə Ərəbistanı – 2,32 milyon ton qərarlaşıb.

2025-ci ildə İtaliya Azərbaycandan 9,51 milyon ton idxal edib ki, bu da 2024-cü illə müqayisədə 2,4 faiz çox olub. Ötən ilin yekunlarına əsasən, Azərbaycanın neftinin İtaliyanın ümumi neft idxalında payı 16,8 faiz təşkil edib.

media-ads_728_90
Paylaş