Azərbaycan–Serbiya münasibətləri möhkəmlənir - VİDEO
1997-ci ildə qurulmuş Azərbaycan və Serbiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət və ərazi bütövlüyünə dəstək çərçivəsində, iki ölkə arasında 50-dən çox sənəd imzalanıb, mədəni və siyasi sahələrdə əməkdaşlıq gücləndirilib. Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Azərbaycan Serbiyada infrastruktur layihələrinin – “Koridor-11” avtomagistralının maliyyələşdirilməsində fəal iştirak edir, və 308 milyon avro kredit ayırıb. İki ölkə arasında 50-dən çox müxtəlif sahələri əhatə edən saziş imzalanıb. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin inkişafına təkan verir. Ölkələrimiz beynəlxalq hüququn norma və prinsiplərinə eyni tərzdə yanaşır. Azərbaycan və Serbiya demokratiya, bazar iqtisadiyyatı, qanunun aliliyi kimi təməl prinsiplərə və dəyərlərə sadiqdir. Son illərdə hər iki ölkə arasında, xüsusilə iqtisadi-ticari sahədə ciddi irəliləyişlər əldə olunub.
Serbiya və Azərbaycan çox yaxın dost ölkələrdir. Yüksək səviyyədə inkişaf edən Azərbaycan-Serbiya münasibətləri, iki ölkə arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olduğu halda 2025-ci ildə bu rəqəm 135 milyon dollara yüksəlib. Azərbaycanın Serbiyaya idxalı 55 % artıb. Hərçənd ki, rəqəm də mövcud potensialdan aşağı səviyyədədir. Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb.
Milli Məclisdə Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrup 13 dekabr 2005-ci il tarixində “Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu” olaraq yaradılıb. Belqradda Heydər Əliyevin heykəli və parkı, Bakıda isə Nikola Teslanın abidəsi ucaldılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan danışıqlar, imzalanan sənədlər və verilən bəyanatlar Azərbaycan və Serbiya arasında əməkdaşlığın strateji xarakter aldığını bir daha nümayiş etdirir. Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi səfərlə Belqrada gəlib. Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Serbiyanın paytaxtına siyasi dialoqun davam etdirilməsi və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə səfər edib. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirilib. Görüşdə dövlətlərarası əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. İclası açan Prezident Vuçiç görüşün əhəmiyyətini vurğulayaraq bildirib ki, Bakı ilə Belqrad arasında möhkəm münasibətlər energetika, infrastruktur və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişafına, eləcə də beynəlxalq müstəvidə ortaq mövqelərin güclənməsinə xidmət edir.
Səfər zamanı əməkdaşlığa dair sənədlər mübadilə olunub. Azərbaycan və Serbiya hökumətləri arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və qaz-turbin elektrik stansiyasının tikintisi ilə bağlı sazişlər imzalanıb. Bu sənədlər iki ölkə arasında iqtisadi dialoqun artan xətt üzrə inkişaf etdiyini göstərir. Birgə mətbuat bəyanatında liderlər vurğulayıblar ki, qarrşılıqlı investisiya iştirakını genişləndirməyə və iqtisadi əməkdaşlığı daha da dərinləşdirməyə hazırdırlar.
Prezident İlham Əliyevin Serbiyaya səfəri Azərbaycan–Serbiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Siyasi dialoq, enerji əməkdaşlığı və iqtisadi tərəfdaşlıq istiqamətlərində əldə olunan razılaşmalar iki ölkə arasında əlaqələrin daha da dərinləşəcəyinə işarə edir.
Mətanət Əliyeva








