Azərbaycanda kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlanıb

media-ads_728_90

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə riskəsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilib.

“TV1” xəbər verir ki, bu barədə ABA-nın yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır. Ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi, həmçinin bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir.

Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb. Bu yanaşma riskəsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır.

ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər.

media-ads_728_90
Paylaş